İsveçdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar videokonfrans keçirilib

3 mart, 2025

İsveçdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar videokonfrans keçirilib

İsveçdə Xocalı soyqırımının 33-cü ildönümü ilə əlaqədar “Qobustan Azərbaycan Aydınlar Ocağı” dərnəyinin sədri Səadət Kəriminin təşkilatçılığı ilə videokonfrans keçirilib.

İsveç, Norveç, Azərbaycan, Türkiyə və Rusiyadan 40-a yaxın qonağın iştirak etdiyi tədbir Azərbaycanın Dövlət Himninin səsləndirilməsi və şəhidlərimizin əziz xatirəsinin bir dəqiqəlik sükutla anılması ilə başlayıb.

Videokonfransda Azərbaycan Yazıçılar Birliyinin və İraq-Türkman Yazarlar Birliyinin fəxri üzvü, İsveçdə “Azad Söz” (Fri Ord) dərnəyinin sədri, onlarla kitabın müəllifi, yazıçı Eluca Atalı “Yurdumuz qayıtdı, yurdumuza qayıtdıq! Amma Xocalı bizim üçün yalnız yurd məsələsi yox, həm də ləyaqət məsələsi olduğu üçün “Xocalıya ədalət!” tələbimizi davam etdirməliyik”- deyə vurğulayıb. Müəllif ermənilərin Qarabağa iddiası, Xocalıda törədilən vəhşiliklər, xarici mətbuatın Xocalı soyqırımına münasibətindən bəhs edən “Tigranizm Xocalıda” kitabı haqqında fikirlərini bölüşüb.

Rusiyada yaşayan diaspor nümayəndəsi Xatirə Qəmbərova çıxışında Azərbaycanın ağır sınaqlardan keçib şəhidlərimizin qanı bahasına alınan torpaqlarımızdan söz açıb. Ana dilimizi qorumaq, tariximizi gələcək nəsillərə ötürmək, həmçinin Azərbaycanın haqq səsini dünyaya çatdırmaqda diasporun rolunu vurğulayıb.

Milli Qəhrəman Polad Həşimovun bacısı Kəmalə Həşimova şəhid generalın timsalında Vətən oğullarının qəhrəmanlıqlarından danışıb. O çıxışında “Uğrunda canlar verilən torpaqlarımızın azad olunması, ərazi bütövlüyümüzün bərpası müstəqilliyimizin əbədi olduğunu bir daha təsdiq etdi”- deyə qeyd edib.

Videokonfras Heydər Əliyev Fondunun Xocalı soyqırımı ilə bağlı hazırladığı videoçarxların nümayişi ilə davam edib.

Sonda Eluca Atalı xalqımıza yaşadılan ağrılı günlərdən bəhs edən əsərlərin yazılmasının, pyeslərin səhnələşdirilməsinin və filmlərin çəkilməsinin önəmini vurğulayıb.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının gördüyü bu kimi işlər Azərbaycan reallıqlarının, tarixi həqiqətlərinin beynəlxalq ictimaiyyətə düzgün çatdırılması baxımından olduqca faydalıdır.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər