Gürcüstan qəzetində “Xocalı soyqırımın 33 ili tamam olub” başlıqlı məqalə dərc edilib
3 mart, 2025
“Alyans” Gənclər Mərkəzinin “Azərbaycan həqiqətlərinin və mədəni irsinin Gürcüstanda təbliği” layihəsi çərçivəsində Gürcüstanın nüfuzlu “Sakartvelos Respublika” qəzetində professor Rafiq Baxşəliyevin gürcü dilində “Xocalı soyqırımının 33 ili tamam olub” başlıqlı məqaləsi dərc olunub.
Məqalədə Ulu Öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Xocalı soyqırımının mahiyyəti haqqında fikirləri diqqətə çatdırılıb. Müəllif qətlə yetirilən dinc azərbaycanlıların sayına, günahsız insanlara verilən işgəncələrə görə Xocalının Xatın, Liditse, Oradur qətliamları ilə müqayisədə bəşər tarixində törədilən daha dəhşətli soyqırımı aktı olduğunu və yaddaşlarda əbədi yaşayacağını bildirib.
Professor yazıda Ali Baş Komandan İlham Əliyevin oktyabrın 15-də Xocalı şəhərində Azərbaycan Respublikasının Dövlət Bayrağını ucaltdığını xüsusi vurğulayıb. Bu əlamətdar hadisənin Xocalı faciəsi qurbanlarının qanının yerdə qalmadığını göstərdiyini qeyd edib.
Rafiq Baxşəliyev 1994-cü ildə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin təşəbbüsü ilə Milli Məclisin “26 Fevral - Xocalı Soyqırımı Günü haqqında” xüsusi qərar qəbul etdiyini, sənəddə hadisənin başvermə səbəbləri və təqsirkarlarının təfsilatı ilə açıqlandığını vurğulayıb.
Həmçinin Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə həyata keçirilən “Xocalıya ədalət!” kampaniyasının uğurlu nəticələr göstərdiyi xüsusi qeyd olunub.
Sonda Xocalı soyqırımını törədənlər öz layiqli cəzalarını almalı olduğu, Azərbaycan xalqının bu faciəni heç zaman unutmayacağı bildirilib.
Foto qalereya
Digər xəbərlər