İngiltərədə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində beynəlxalq seminar keçirilib

9 sentyabr, 2024

İngiltərədə “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində beynəlxalq seminar keçirilib

Azərbaycan Respublikasında 2024-cü ilin “Yaşıl Dünya Naminə Həmrəylik İli” elan edilməsi münasibətilə İngiltərənin Lafboro şəhərində beynəlxalq seminar keçirilib.

“Sıfır emissiya hədəfinə gedən yolda beynəlxalq tərəfdaşlığın rolu” (“The Role of International Collaborations in Meeting Net Zero Targets”) adlı beynəlxalq seminar Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, Böyük Britaniya Azərbaycanlıları Cəmiyyətinin və Lafboro Universitetində çalışan soydaşımız Dr. Mehdi Məhəmmədpurun təşkilatçılığı ilə  baş tutub.  Seminarda Lafboro Universiteti, İmperial Kolleci, London Universitet Kolleci, Linkoln, Mançester və Vorvik Universiteti kimi nüfuzlu ali təhsil müəssisələrinin elmi işçiləri, Britaniya Şurası və Milli Şəbəkənin (National Grid) nümayəndələri, Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova, britaniyalı jurnalist Neil Vatson, Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin siyasi müşaviri Günel Səlimova və Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva iştirak edib. 

Seminarın açılışında Lafboro Universitetinin professoru Dr. Mehdi Məhəmmədpur çıxış edərək, bu tədbirin gələcək əməkdaşlıqlar üçün əhəmiyyətini vurğulayıb və bu cür tədbirlərin həm Azərbaycanda, həm də dünyada ekoloji dayanıqlılıq məsələlərinə böyük töhfə verəcəyini bildirib.

Britaniya Azərbaycanlıları Cəmiyyətinin rəhbəri Fəridə Pənahova, belə tədbirlərin Azərbaycan və Böyük Britaniya arasındakı əlaqələrin möhkəmlənməsində mühüm rol oynadığını qeyd edib. O, hər iki ölkə arasında qarşılıqlı münasibətlərin inkişafında diasporun özünəməxsus yeri olduğunu diqqətə çatdırıb.

Azərbaycanın Böyük Britaniyadakı səfirliyinin siyasi müşaviri Günel Səlimova öz çıxışında COP-29 Konfransı ərəfəsində Azərbaycanda həyata keçirilən tədbirlər haqqında məlumat verib.

Britaniyalı jurnalist Neil Vatson çıxışında Azərbaycana səfəri zamanı Qarabağ bölgəsində olduğunu söyləyib və orada həyata keçirilən Ağıllı şəhər (Smart City) layihəsindən bəhs edib. O, bu layihənin Azərbaycanın innovativ texnologiyalardan istifadə etməklə ekoloji dayanıqlılığın təmini və müasir şəhərsalma standartlarının tətbiqi istiqamətində atdığı mühüm addımlardan olduğunu vurğulayıb. 

Seminar zamanı Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Ləman Əliyeva çıxış edərək, Azərbaycanın ekoloji sahədə beynəlxalq əməkdaşlıqlarda iştirakının və “Yaşıl Dünya Naminə Həmrəylik İli” çərçivəsində görülən işlərin əhəmiyyətindən danışıb.

Tədbirdə Lafboro Universitetinin professoru Den Person (Dan Parson), Lafboro Universitetinin prorektoru Dr. Ketrin Norz (Dr. Kathryn North), Cranfield Universitetindən professor Apal Uicayanza (Upul Wijayantha), Vorvik Universitetindən professor Alok Çoudari (Alok Choudhary) və Mançester Yanacaq Hüceyrələri İnnovasiya Mərkəzinin (Manchester Fuel Cell Innovation Centre) direktoru Amir Qafar (Amer Gaffar) da çıxış edərək beynəlxalq əməkdaşlığın əhəmiyyəti və “Yaşıl enerji” mövzusunda fikir mübadiləsi aparıblar.

Seminar  çərçivəsində panel üzrə müzakirələr də təşkil olunub. Tədbirdə beynəlxalq şirkətlər-JCB və Alpin F1-in nümayəndələri Dr. Bob Uomersli (Dr. Bob Womersley), Qreq Repson (Greg Rapson) və  Lafboro Universitetinin professoru Dr. Edvard Lonq (Dr. Edward Long) çıxış ediblər.

Xatırladaq ki, konfransa onlayn qoşulan iştirakçılar da öz fikirlərini bölüşüb və müzakirələr aparıblar.

Tədbir zamanı Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən Lafboro Universitetinin kitabxanasına Azərbaycanla bağlı kitablar hədiyyə verilib, bu resursların universitetin tələbə və tədqiqatçılarına töhfə verəcəyinə ümid ifadə olunub.

Konfrans çərçivəsində Lafboro Universitetində daimi keçirilən “Mənim irsimi tanı” (“Know My Heritage”) layihəsi də baş tutub. Layihədə Azərbaycan təmsil olunub və konfrans iştirakçıları ölkəmizin tarixi, mədəniyyəti, musiqisi haqqında məlumatlandırılıb. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər