İğdır şəhərində Azərbaycanın Zəfər Günü bayram edilib
11 noyabr, 2023
Türkiyənin İğdır şəhərində fəaliyyət göstərən Azərbaycan Evində 8 Noyabr – Zəfər Günü münasibətilə tədbir keçirilib.
Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə iki ölkənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.
Tədbirdə İğdır-Azərbaycan Dil, Tarix və Mədəniyyət Həmrəyliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin sədri, Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar və Türkiyə-Azərbaycan Dostluq Dərnəkləri Federasiyasının sədr müavini, “İğdır Azərbaycan Evi Dərnəyi”nin rəhbəri Sərdar Ünsal çıxış ediblər. Onlar Azərbaycanın Zəfər Günü, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması, Azərbaycanın Dövlət Bayrağının Qarabağın bütün şəhər və kəndlərində dalğalanması münasibətilə bütün türk dünyasını təbrik ediblər. Xankəndi şəhərinin mərkəzi meydanında Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin hərbi paradı qəbul etməsi ədalətin və beynəlxalq hüququn təntənəsi adlandırılıb.
Bədii hissədə Rasim Ağayev və Çətin Adıgözəlin ifasında konsert proqramı təqdim edilib.
Foto qalereya
Digər xəbərlər