Berlində “Konstitusiya və Suverenlik İli”nə həsr olunan açıq dərs keçirilib
12 iyun, 2025.jpeg)
Almaniyanın paytaxtı Berlində fəaliyyət göstərən “Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin nəzdindəki həftəsonu məktəbində növbəti açıq dərs Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin Sərəncamı ilə Azərbaycan Respublikasında 2025-ci ilin “Konstitusiya və Suverenlik İli” elan olunmasına həsr edilib.
“Xarı-Bülbül” Azərbaycan Mədəniyyət Evinin rəhbəri Sevda Badaliourinin təşkilatçılığı ilə keçirilən dərsdə həftəsonu məktəbinin şagirdləri ilə yanaşı, Mədəniyyət Evinin kollektivi də fəal iştirak edib.
Həftəsonu məktəbinin müəllimi Pərvanə Aslanova Azərbaycan Respublikasının Konstitusiyasının hüquqi və mənəvi əhəmiyyəti, ana dilimizin qorunması, inkişafı və milli kimliyin formalaşmasındakı rolu, eyni zamanda suverenlik və dövlətçilik anlayışları barədə geniş məlumatlar verib. Həmçinin 44 günlük Vətən müharibəsinin tarixi əhəmiyyətindən, ərazi bütövlüyümüzün bərpasından, işğaldan azad olunmuş torpaqlarda aparılan quruculuq və dirçəliş proseslərindən danışıb. Azərbaycanın müasir dövrdə qazandığı nailiyyətlərdən və beynəlxalq nüfuzundan ətraflı bəhs edib.
Şagirdlər konstitusiyamızın əsas maddələri, vətəndaş hüquqları və vəzifələri, suveren dövlətin quruluş prinsipləri haqqında müzakirələr aparıblar.
Dərsin sonunda telejurnalist Fəxrəddin Hacıbəylinin ifasında muğamın səsləndirilməsi iştirakçıların böyük marağına səbəb olub.
Foto qalereya
Digər xəbərlər