Gürcüstanda Ulu Öndər Heydər Əliyevin xatirəsi yad edilib
17 dekabr, 2024Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi Gürcüstanın müxtəlif bölgələrində yad edilib.
Rustavi Təhsil və Mədəniyyət Mərkəzində Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anım gününə həsr olunmuş açıq dərs keçirilib. 18 saylı ictimai məktəbin tarix müəllimi Savalan Osmanlı Mərkəzin nəzdindəki dil kurslarında təhsil alan şagirdlərə Heydər Əliyevin həyat və fəaliyyəti haqqında məlumat verib. Daha sonra Mərkəzin üzvləri və şagirdlər Rustavi şəhərində Ulu Öndərin abidəsini ziyarət edərək önünə əklil və gül dəstələri qoyublar.
Marneulidə Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzində (GAİM) keçirilən anım tədbiri Ulu Öndərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayıb. Sonra GAİM-nin icraçı direktoru Murad Muradov gənclərə Ulu Öndərin həyat və fəaliyyəti, Gürcüstan-Azərbaycan münasibətlərinin inkişafındakı rolu, Gürcüstanda yaşayan soydaşlarımıza doğma münasibəti barədə məlumat verib. Ümummilli Lider Heydər Əliyevin həyatından bəhs edən sənədli film nümayiş olunub.
Bolnisidə fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə “Dahi Şəxsiyyət Qəlblərdə” adlı anım tədbiri keçirilib. İlk olaraq Ulu Öndərin xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Mərkəzin rəhbəri Rezo Həsənov Ulu Öndər Heydər Əliyevin həyat və fəaliyyətindən danışıb. Sonda “Xalq Heydər Deyəcək” adlı video çarx göstərilib.
“Qardabani Təhsil və İnteqrasiya Mərkəzi”ndə də Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin xatirəsi anılıb. Mərkəzin Azərbaycan dili və ədəbiyyat müəllimi Sevda Şahverdiyeva mərkəzin şagirdlərinə müstəqil Azərbaycan dövlətinin qurucusu və memarı, dünyaşöhrətli siyasətçi Ümummilli Lider Heydər Əliyevin Azərbaycana rəhbərliyinin bütün dövrlərində vətən və xalq qarşısındakı misilsiz xidmətlərindən danışıb. Tədbirin sonunda mərkəzin üzvləri Ümummilli Liderin abidəsini ziyarət edərək önünə gül dəstələri düzüblər.
Foto qalereya
Digər xəbərlər