Gürcüstanda COP29-la bağlı məlumatlandırıcı tədbirlər keçirilib
27 noyabr, 2024Gürcüstanın Marneuli və Rustavi şəhərlərində, Bolnisi rayonunda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) ilə bağlı məlumatlandırıcı tədbirlər keçirilib.
Marneuli şəhərində Gürcüstan Azərbaycanlılarının İnteqrasiya Mərkəzinin gənclərinin COP29 ilə bağlı keçirdiyi məlumatlandırıcı aksiyada bu konfransı ilə bağlı Azərbaycan və gürcü dillərində bukletlər şəhər sakinlərinə, məktəb şagirdlərinə və gürcü ictimaiyyətinə paylanıb. Aksiya Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində baş tutub.
Rustavi şəhərində Təhsil və Mədəniyyət Mərkəzində “Yaşıl dünya naminə həmrəylik ili” mövzusunda məlumatlandırıcı tədbir keçirilib. Mərkəzin direktoru Raidə Dərziyeva şagirdlərə iqlim dəyişiklikləri, qlobal istiləşmə, təhlükəsiz enerji mənbələri və sairə barədə ətraflı məlumat verib. Tədbirdə şagirdlərlə enerjiyə və içməli suya necə qənaət olunması, həmçinin ətraf mühiti qorumaq üçün hansı şərtlərə riayət edilməsi barədə müzakirələr aparılıb. Sonda iştirakçılara Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun dəstəyi və Tbilisidəki “Alyans” Gənclər Mərkəzinin layihəsi çərçivəsində Azərbaycan və gürcü dillərində çap olunmuş məlumatlandırıcı bukletlər hədiyyə edilib. Tədbirdən sonra bir qrup şagird məlumatlandırıcı kitabçaları şəhər sakinlərinə və şəhər ətrafında yerləşən azərbaycanlıların kompakt yaşadığı kənd məktəblərinə paylayıb.
Bolnisi rayonunda "Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə “COP29 - Yaşıl dünya və Azərbaycan” adlı maarifləndirici tədbir təşkil olunub. Mərkəzin ingilis dili müəllimi Rəqsanə Şıxıyeva COP29-un Azərbaycanın bir çox ölkə və beynəlxalq təşkilatlarla əlaqələrinə daha da yüksək səviyyədə müsbət təsir göstərəcəyini, iqtisadiyyatın daha da güclənəcəyini, investisiya imkanlarının arealını genişlənəcəyini, turizm potensialını dərinləşdirəcəyini bildirib. Həmçinin COP29-un bir sıra iqlim dəyişikliyi məsələlərini müzakirə etmək və danışıqlar aparmaq üçün dünya liderlərini, hökumət rəsmilərini, alimləri, QHT-ləri və digər maraqlı tərəfləri bir araya gətirən əlamətdar tədbir olduğunu bildirib. Tədbirdə Azərbaycan və gürcü dillərində məlumatlandırıcı bukletlər paylanılıb, eyni zamanda iştirakçıların sualları cavablandırılıb.
Foto qalereya
Digər xəbərlər