Əlcəzairdə yaşayan soydaşımıza medal təqdim edilib
26 noyabr, 2026
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Əlcəzairdə fəaliyyət göstərən "Kokorje.art" brendinin sahibi, diaspor fəalı Xumar Nəbiyeva ilə görüşüb.
Komitə sədri xaricdə fəaliyyət göstərən Azərbaycan icmalarının, soydaşlarımızın Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın diqqət və qayğısı ilə əhatə olunduğunu bildirib. Xumar Nəbiyevanın Azərbaycanın Əlcəzairdə tanıdılması və diaspor fəaliyyətinin gücləndirilməsi istiqamətində gördüyü işləri yüksək qiymətləndirib. O, diaspor fəaliyyətinin genişləndirilməsi istiqamətində nəzərdə tutulan layihələrlə maraqlanıb, Azərbaycan diasporunun Əlcəzairdə gələcək fəaliyyəti ilə bağlı tövsiyələrini bölüşüb.
Görüş zamanı Xumar Nəbiyevaya təltif olunduğu "Diaspor fəaliyyətində xidmətə görə" Azərbaycan Respublikasının medalı təqdim edilib.
Soydaşımız fəaliyyətinə verilən yüksək qiymətə görə Azərbaycan dövlətinə minnətdarlığını bildirib. O bundan sonra da ölkəmizin tanıdılması və diasporumuzun daha səmərəli fəaliyyətinin təmin olunması istiqamətində səylərini davam etdirəcəyini vurğulayıb.
Məlumat üçün bildirək ki, Xumar Nəbiyeva Əlcəzairdə Azərbaycanın mədəniyyətinin, adət-ənənələrinin və milli dəyərlərinin təbliğində fəal iştirak edir. O, Əlcəzairdə keçirilən festivallara, beynəlxalq mədəni tədbirlərə və müxtəlif təqdimat layihələrinə qatılaraq ölkəmizin zəngin irsini tanıdır. Rəhbərlik etdiyi rəqs kollektivi vasitəsilə milli rəqslərimizin yerli və beynəlxalq auditoriya arasında daha geniş tanınmasına töhfə verir. Eyni zamanda, Azərbaycanın Əlcəzairdəki Səfirliyi ilə sıx əməkdaşlıq çərçivəsində ölkəmizin tanıdılması istiqamətində fəaliyyətini davam etdirir.
Digər xəbərlər
