Bolnisidə Gürcüstanın Ana Dili Günü qeyd edilib
16 aprel, 2024Bolnisidə yerləşən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”ndə Gürcüstanın 14 Aprel – Ana Dili Günü qeyd edilib. Bununla əlaqədar olaraq mərkəzin nəzdində fəaliyyət göstərən gürcü və ingilis dili kurslarında təhsil alan gənclər arasında “Bilik yarışı” keçirilib. Tədbirin sonunda iştirakçılara həvəsləndirici hədiyyələr və təşəkkürnamələr təqdim edilib.
Qeyd edək ki, 1978-ci ildə sovet hakimiyyəti ittifaq respublikalarında yerli dillərin dövlət dili statusundan məhrum edilməsi və rus dilinin SSRİ-də dövlət dili elan olunmasına dair qərar qəbul edib. Bu qərara əsasən, Gürcüstan Konstitusiyasının 78-ci maddəsində də dəyişiklik edilərək buradan “Gürcüstanda dövlət dili gürcü dilidir” ifadəsinin çıxarılması nəzərdə tutulub. Bu, gürcü ictimaiyyətinin ciddi narazılığına səbəb olub. Bu qərara etiraz olaraq həmin ilin aprelin 14-də Tbilisidə yerləşən indiki “Ana dili” parkı (“Deda Ena”) və Rustaveli prospektində 100 mindən artıq şəxsin, o cümlədən ziyalıların, müəllimlərin, tələbələrin iştirakı ilə etiraz aksiyası keçirilib. Nəticədə gürcü dilinin dövlət dili statusu saxlanılıb və “Deda Ena” parkında ana dilinə həsr olunan eynadlı abidə ucaldılıb.
Foto qalereya
Digər xəbərlər