Bolnisidə azərbaycanlı icma tərəfindən yaradılan ilk tədris ocağı
14 iyun, 20242021-ci ildən etibarən fəaliyyət göstərən Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi Bolnisi rayonunda azərbaycanlı icma tərəfindən yaradılan ilk tədris ocağıdır.
Mərkəzdə müxtəlif dil kursları və ödənişsiz hüquqi xidmətlər mövcuddur.
Bu günə kimi Azərbaycan, gürcü, ingilis dili və rəsm kurslarından 700 nəfərdən çox şagird, müəllim, tələbə və gənclər faydalanıblar.
Mərkəzin gürcü dili müəllimi Alidə Məmmədəlizadənin sözlərinə görə Gürcüstan hökuməti azərbaycanlı vətəndaşların dövlət dilini öyrənməsi və vətəndaş cəmiyyətinə inteqrasiyası üçün öz dəstəyini göstərir: “Gürcü dilini bilmədən dövlət qurumlarında işlə təmin olunmaq mümkün deyil. Bu məqsədlə bugünkü gənclərimiz gürcü dilini böyük həvəslə öyrənirlər”.
Bundan əlavə mərkəz gənclərin maariflənməsi üçün müxtəlif təlim və seminarlar təşkil edir.
Mərkəzə Hüquqi xidmətlər üzrə müxtəlif yaş qruplarından olan şəxslər müraciət edirlər. Gürcüstan vətəndaşlarına məktubların yazılması, müraciətlərin edilməsi və digər hüquqi yardımlar da göstərilir.
Qeyd edək ki, Bakıda keçirilən I Türk İnteqrasiya Olimpiadasında Qafqaz Hüquq və İnteqrasiya Mərkəzinin müdavimi Şarabanı Nənəcanova türk dilinin tarixi, coğrafiyası və ortaq ənənələri nominasiyasında 3-cü yerə layiq görülüb və medalla təltif olunub.
Foto qalereya
Digər xəbərlər