Azərbaycanın görkəmli ziyalıları diaspor gəncləri ilə bir araya gəlib
7 avqust, 2026
Diaspor Gənclərinin Yay Düşərgələrinin mühüm məqamlarından biri Azərbaycanın tanınmış ziyalıları ilə görüşlərin keçirilməsidir. Bu baxımdan Şərqi Zəngəzurda “Dirçələn şəhərlər” şüarı ilə təşkil olunan Diaspor Gənclərinin VII Yay Düşərgəsi çərçivəsində Azərbaycanın tanınmış mədəniyyət və incəsənət xadimləri ilə baş tutan görüş xüsusi əhəmiyyət daşıyıb.
Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun moderatorluğu ilə keçirilən panelin qonaqları Xalq artisti Cahangir Novruzov, Xalq artisti, teatr və kino aktyoru Fəxrəddin Manafov, Əməkdar incəsənət xadimi, bəstəkar Cavanşir Quliyev, Xalq artisti, dirijor Yalçın Adıgözəlov və Xalq artisti Mehriban Zəki olub.
Mədəniyyət xadimləri Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə torpaqlarımızın işğaldan azad edilməsini qürur hissi ilə xatırlayıb, dünyanın müxtəlif ölkələrindən gələn diaspor gəncləri ilə eyni məkanda görüşməkdən məmnun olduqlarını bildirib, Azərbaycanın bugünkü inkişafının və əldə olunan tarixi nailiyyətlərin hər bir soydaş üçün qürur mənbəyi olduğunu vurğulayıblar.
“Azərbaycan prezidentinin mədəniyyət siyasəti ölkəmizdə müasir mədəniyyət modelinin yaradılmasına, bu sahədə sistemli və dayanıqlı inkişafın təmin olunmasına böyük töhfə verir. Diaspor gəncləri də mədəniyyətimizin dünyada ən böyük təbliğatçılarıdır” – bu sözləri komitə sədri çıxışı zamanı səsləndirib.
Çıxış edənlər Azərbaycanın mədəniyyətinin, musiqisinin dünyada tanıdılmasında və ölkəmizin beynəlxalq mədəniyyət mərkəzinə çevrilməsində Birinci vitse-prezident, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyevanın əvəzsiz xidmətlərindən danışıb.
Xalq artisti Cahangir Novruzov gənclərə müraciət edərək bildirib ki: “Əziz gənclər, gələcəyi quran, inşa edən sizlərsiz, sizin düşüncənizdir. Mənə görə xaricdə yaşayan azərbaycanlı gənclərin azad olunmuş torpaqlara dəvət edilməsi, burada düşərgədə iştirakı çox möhtəşəm bir addımdır".
Əməkdar incəsənət xadimi Cavanşir Quliyev Diaspor Gənclərinin VII Yay Düşərgəsində gənclərlə görüşməyin böyük xoşbəxtlik olduğunu qeyd edib.
“Azərbaycançılıq bütün dünyada tanınmalıdır, bilinməlidir. Bu, həm də xaricdəki gənclərin xidmətidir,” - deyən Xalq artist Yalçın Adıgözəlov öz çıxışı ilə azərbaycanlı gənclərə birlik mesajı verib.
Xalq artisti Fəxrəddin Manafovun “Bu gün mən çox xoşbəxtəm ki, diaspor gənclərinin qarşısındayam. Mən son illər kinodan çox diasporla əlaqəli olmuşam” - deyərək çıxışına başlaması auditoriyada xoş hisslər yaradıb.
Xalq artisti Mehriban Zəkinin “Siz xaricdə yaşamaqla sadəcə öz taleyinizin deyil, xalqımızın mənəvi xəritəsini çəkirsiniz" - fikri gənclərdə xoş hisslər yaradıb.
Səmimi fikir mübadiləsi və qarşılıqlı dialoq şəraitində keçən görüşdə gənclər mədəniyyət xadimlərinə çoxsaylı suallar ünvanlayıb, onların Azərbaycanın zəngin mədəni irsinə verdikləri töhfələr, yaradıcılıq fəaliyyəti və xalqımızın yaddaşında əbədi iz qoyan əsərləri ilə bağlı fikirlərini öyrəniblər.
Qeyd edək ki, avqustun 2-dən 8-dək davam edən Diaspor Gənclərinin VII Yay Düşərgəsi Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə keçirilir. Diaspor Gənclərinin VII Yay Düşərgəsində dünyanın 64 ölkəsindən 123 gənc iştirak edir. Bundan əvvəlki düşərgələr Şəki, Şamaxı, Şuşa, Naxçıvan, Laçın və Xankəndi şəhərlərində baş tutub, düşərgələrə 84 ölkədən ümumilikdə 700-dən çox gənc qatılıb.
Foto qalereya
Digər xəbərlər
