Alanyada Zəfər Günü münasibətilə konsert keçirilib

10 noyabr, 2024

Alanyada Zəfər Günü münasibətilə konsert keçirilib

Alanya Azərbaycanlıları Dərnəyi tərəfindən 8 Noyabr – Zəfər Gününə həsr olunmuş konsert proqramı təşkil olunub.

Alanya Mədəniyyət Mərkəzində baş tutan tədbirdə Alanyada yaşayan azərbaycanlılarla yanaşı, yerli ictimaiyyətin nümayəndələri, rəsmi şəxslər, o cümlədən Alanya bələdiyyə başqanının müavini Nezmi Zavlak və Bələdiyyə Məclisinin üzvü İrem Yunusoğlu da iştirak edib.

Əvvəlcə Türkiyə və Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların əziz xatirəsi ehtiramla yad edilib, iki ölkənin dövlət himnləri səsləndirilib.

Alanya Azərbaycanlıları Dərnəyinin sədri Ramil Mansurov çıxışında Zəfər Gününün tarixi barədə geniş məlumat verib. Dərnəyin yeni yarandığını və ilk genişmiqyaslı rəsmi tədbirin Zəfər Gününə həsr olunmasının rəmzi məna daşıdığını qeyd edən R.Mansurov Zəfərimizi birlikdə qeyd etdiklərinə görə konsert iştirakçılarına, Alanya Bələdiyyəsinə və dəstəyini əsirgəməyən digər təşkilatlara xüsusi minnətdarlığını bildirib. Azərbaycan mədəniyyətini Alanyada geniş təbliğ etmək məqsədilə bir sıra layihələrin olduğunu diqqətə çatdıraraq, belə tədbirlərin mütəmadi keçiriləcəyini xatırladıb.

Konsertdə uzun illərdir qardaş Türkiyədə fəaliyyət göstərən tarzən Abdulla Qurbaninin rəhbərliyi və Afyon Kocatepe Universitetinin dosenti, pianoçu Natiq Rzazadənin də təmsil olunduğu “Buta Bakı” instrumental ansamblının müşayiəti ilə muğamlar, təsniflər və mahnılar ifa olunub. Müğənnilər Sevil Çakar, Vüqar Bəxtiyar və Müşfiq Əliyev Azərbaycan və Türk xalq və bəstəkar mahnılarını ifa ediblər. Konsertin aparıcısı, yazar Afət Ruhan Arslanın ifasında Azərbaycan və Türkiyənin görkəmli şairlərinin vətənpərvərlik ruhunda yazılmış məşhur şeirləri ifa olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər