Fransa mediasında xalqın Azərbaycana qarşı qətnamə layihəsinin əleyhinə olmasından bəhs edilib

15 noyabr, 2022

Fransa mediasında xalqın Azərbaycana qarşı qətnamə layihəsinin əleyhinə olmasından bəhs edilib

Fransanın https://www.lagazetteaz.fr xəbər saytında “Fransa xalqı Senatda Azərbaycana qarşı qətnamə layihəsi əleyhinə səbərbər olunur” sərlövhəli məqalə yerləşdirilib. 

Məqalədə bildirilib ki, Fransadakı erməni lobbisinin yönəltdiyi bəzi senatorlar 2022-ci il noyabrın 15-də Azərbaycana qarşı düşmənçilik xarakterli qətnamə qəbul etməyi planlaşdırır. İyirmi ildən artıqdır Azərbaycanda yaşayan Fransa vətəndaşı Siril Rabbat Fransa Prezidenti Emmanuel Makrona məktub göndərib, Fransa-Azərbaycan Dialoq Assosiasiyasının üzvləri bütün parlamentarlara açıq məktub dərc ediblər.

Fransa və Azərbaycan mədəniyyətini yüksək qiymətləndirən azərbaycanlı həyat yoldaşı və Bakıdakı Fransız Liseyində oxuyan övladları ilə birlikdə Azərbaycanda yaşadığını və çalışdığını bildirən Siril Rabat dövlət başçısını Fransanın xalqımızın qəlbindəki yerini qorumağa və hörmət etməyə çağırıb: “Cənab Prezident, siz Fransanın Azərbaycanda çoxlu sayda insanın qəlbində və şüurunda tutduğu auranı, hörməti və yeri təsəvvür edə bilməzsiniz. Azərbaycanda yaşayan Fransa vətəndaşları olaraq bizə həmişə xüsusi münasibət göstərilib.  Bu, həmişə - xüsusilə də başımıza faciə gələndə belə olacaq. Mənim şəxsi təcrübəm bunu tam təsdiqləyir. Təbii ki, mən BMT-nin Azərbaycanın ərazi bütövlüyünü tanıyan dörd qətnaməsini, yaxud Gəncə şəhərinə xain raket hücumlarını, günahsız uşaqların həlak olmasını qeyd edə bilərdim. Amma, cənab Prezident, Respublika dəyərlərinin qarantı kimi Sizdən xahiş edir və yalvarıram ki, Fransanın təkcə Azərbaycan xalqının deyil, bütün dünya insanlarının qəlbində və şüurunda tutduğu hörmət və yeri qoruyasınız!”

Fransa-Azərbaycan Dialoqu Assosiasiyasının bəyanatında isə bildirilib ki, tarixi vətənləri ilə sıx bağlı olan Azərbaycan əsilli Fransa vətəndaşları yerli mətbuatda anti-Azərbaycan xarakterli yazıların yeni dalğası ilə üzləşdiyinə görə öz məyusluğunu bildirir. Bu yöndə özünü orta əsr mövzularının missioneri kimi aparan Silven Tessonun açıq-aşkar irqçi və ləkələyici məqalələrlə çıxış etdiyinə diqqət cəlb edilib. 

Bir daha qeyd edilib ki, Qafqazda müasir dövlətlər yaranandan bəri Dağlıq Qarabağ Azərbaycanın ərazisi olub. Yalnız sovet rejimi dövründə güclü erməni təsiri ilə Dağlıq Qarabağa xüsusi status və muxtariyyət verilib. Lakin bu durum SSRİ-nin dağılmasına qədər davam edib. 1991-ci ildə SSRİ süqut etdikdən sonra yaranmış yeni müstəqil dövlətlərin sərhədləri BMT tərəfindən rəsmən tanınıb. Dağlıq Qarabağın və ona bitişik 7 rayonun Ermənistan tərəfindən 1990-cı illərdə zor gücü ilə işğal olunduğuna, hətta Bismark Almaniyasının bu cür hərəkət etmədiyinə diqqət cəlb edilib: “Müqayisə üçün qeyd edək ki, Bismark Almaniyası 1871-ci ildə məğlubiyyətimizdən sonra Fransa ərazisinin 2,6%-nin, həm də guya təhlükəsizlik səbəbi ilə ilhaqı ilə kifayətləndi”. 

Ermənistan qəsbkarlarının Azərbaycanın dinc əhalisini amansız etnik təmizləmə siyasətinə məruz qoyduğu, bır sıra hərbi cinayətlər, o cümlədən Xocalı qətliamını törətdiyi, soydaşlarımızın doğma yurdlarına qayıtmasının qarşısını almaq məqsədilə Azərbaycan şəhər və kəndlərini məhv etdiyi nəzərə çatdırılıb. Bu cinayətlərin BMT Təhlükəsizlik Şurası tərəfindən pislənildiyi və Fransanın da həmin qətnamələrə səs verdiyi yada salınıb.

Bəyanatda Fransanın ATƏT-in Minsk Qrupunun həmsədri olarkən vasitəçi statusunu seçdiyi, bir tərəfin müdafiəçisi rolunu seçmədiyi vurğulanıb. Dünyəvi dövlət olan Azərbaycanın inkişaf etmiş Avropa dövlətləri ilə eyni sırada addımladığı, zəngin mədəniyyətə və demokratik ənənələrə malik olduğu, I Dünya müharibəsindən sonra qadınlarımıza səsvemə hüququ verildiyi, ölkəmizdə multikulturalizm və tolerantlıq dəyərlərinin hökm sürdüyü barədə ətraflı məlumat verilib. Ermənistanın isə Rusiyanın forpostu olduğu əlavə edilib.  

Bəyanat müəllifləri fransız parlamentarlarını və jurnalistlərini Ermənistana, Azərbaycana və Qarabağa səfər etməyə, reallıqları öz gözləri ilə görməyə, ictimai rəylə tanış olmağa, Azərbaycanın dövlət başçısının bölgədə sülhün və normallaşma münasibətlərinin bərqərar olması naminə irəli sürdüyü təkliflərin gerçəkləşməsinə töhfələrini verməyə dəvət ediblər: “Fransa-Azərbaycan Dialoq Assosiasiyası Paris və Bakı arasında birtərəfli qaydada pozulmuş dialoqun bərpasında iştirak etmək, eləcə də Fransanın Qafqazda vasitəçilik aktoru kimi qayıtmasına töhfə vermək arzusunda olduğunu bildirir. Ukrayna fəlakətinə heç vaxt olmadığı qədər yaxın olan Qafqaz müharibə məntiqindən əl çəkərək sülh və iqtisadi inteqrasiya məntiqinə doğru getməlidir”.

Məqaləni ətraflı şəkildə aşağıdakı linkdən oxumaq mümkündür:

https://www.lagazetteaz.fr/news/politique/10118.html

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər