Dövlət rəmzləri

Azərbaycan Respublikasının Konstitusiyasından çıxarış:

Maddə 23. Azərbaycan dövlətinin rəmzləri

I. Azərbaycan Respublikasının dövlət rəmzləri Azərbaycan Respublikasının Dövlət bayrağı, Azərbaycan Respublikasının Dövlət gerbi və Azərbaycan Respublikasının Dövlət himnidir.

II. Azərbaycan Respublikasının Dövlət bayrağı bərabər enli üç üfüqi zolaqdan ibarətdir. Yuxarı zolaq mavi, orta zolaq qırmızı, aşağı zolaq yaşıl rəngdədir və qırmızı zolağın ortasında bayrağın hər iki üzündə ağ rəngli aypara ilə səkkizguşəli ulduz təsvir edilmişdir. Bayrağın eninin uzunluğuna nisbəti 1:2-dir.

III. Azərbaycan Respublikası Dövlət bayrağının və Azərbaycan Respublikası Dövlət gerbinin təsviri, Azərbaycan Respublikası Dövlət himninin musiqisi və mətni Konstitusiya qanunu ilə müəyyən edilir.

 

Dövlət Bayrağı

Azərbaycan Respublikasının Dövlət Bayrağı

 

“Azərbaycan Respublikası Dövlət Bayrağının təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı eni bərabər olan üç üfüqi zolaqdan ibarət düzbucaqlı şəklindədir. Yuxarı zolaq mavi rəngdə, orta zolaq qırmızı rəngdə, aşağı zolaq yaşıl rəngdədir. Düzbucaqlının eninin uzunluğuna nisbəti 1:2-dir.

1.2. Qırmızı zolağın ortasında aypara və səkkizguşəli ulduz təsviri vardır. Aypara və ulduz ağ rəngdədir. Ayparanın ucları ondan sağda yerləşən ulduza istiqamətlənmişdir.

Maddə 2. Rəngli və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Bayrağı ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Bayrağının sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı onun mavi rənginin “Panton” rənglər kataloqunun Pantone 306C rəng koduna, qırmızı rənginin Pantone Red 032C rəng koduna, yaşıl rənginin Pantone 362C rəng koduna uyğunluğu təmin edilir.

* * *

Azərbaycan Xalq Cümhuriyyətinin üçrəngli Dövlət Bayrağı ilk dəfə 1918-ci il noyabrın 9-da Bakıda, hökumətin iclasında qəbul edilib və iclasın keçirildiyi Azərbaycan Xalq Cümhuriyyəti Nazirlər Şurasının binası (indiki Azərbaycan Respublikasının Dövlət Neft Şirkətinin “Azneft” İstehsalat Birliyinin binası) üzərində qaldırılıb. 1920-ci il aprelin 27-nə - Azərbaycan Xalq Cümhuriyyətinin süqutuna qədər dövlət statusuna malik olan bu bayraq Sovet Rusiyasının qoşunlarının Azərbaycanı işğal etməsi nəticəsində 1920-ci il mayın 3-də Azərbaycan parlamentinin binası üzərindən endirilib.

Azərbaycan Xalq Cümhuriyyətinin yadigarı olan həmin bayraq 1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri, xalqımızın ümummilli lideri Heydər Əliyevin təşəbbüsü və rəhbərliyi ilə keçirilən sessiyada Naxçıvan Muxtar Respublikasının dövlət bayrağı kimi təsdiq edilib. Eyni zamanda, Naxçıvan Muxtar Respublikası Ali Məclisi bu bayrağın Azərbaycanın rəsmi dövlət rəmzi kimi tanınması barədə Azərbaycan SSR Ali Soveti qarşısında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Soveti həmin vəsatətə baxıb və bu bayrağın yenidən Azərbaycanın Dövlət Bayrağı kimi qəbul edilməsi haqqında qərar qəbul edib. Sonralar Ümummilli Lider bu barədə deyirdi: “Mən belə fikirdəyəm ki, Naxçıvan MR Ali Məclisinin qəbul etdiyi qərarlar Azərbaycan Respublikasının işinə çox təsir etdi və Azərbaycan rəhbərliyi bir neçə belə qərarın qəbul edilməsində məcburiyyət qarşısında qaldı. Naxçıvan Muxtar Respublikasının üzərində bu bayraq 1990-cı il noyabrın 17-də, Azərbaycan Respublikasında isə 1991-ci il fevralın 5-də dalğalandı”.

Azərbaycan Respublikasının Dövlət Bayrağı Azərbaycan dövlətinin suverenliyinin rəmzidir.

Azərbaycan Respublikasının Dövlət Bayrağında mavi rəng Azərbaycan xalqının türk mənşəli olmasını, qırmızı rəng müasir cəmiyyət qurmaq, demokratiyanı inkişaf etdirmək istəyini, yaşıl rəng isə İslam sivilizasiyasına mənsubluğunu ifadə edir.

Azərbaycan Respublikası Prezidenti İlham Əliyevin 2009-cu il noyabrın 17-də imzaladığı Sərəncamla hər il noyabrın 9-u ölkədə Dövlət Bayrağı Günü kimi qeyd edilir.

2010-cu il sentyabrın 1-də Bakıda Dövlət Bayrağı Meydanının təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Dövlət Bayrağının xüsusi əhəmiyyətini vurğulayaraq deyib: “Bizim bayrağımız qürur mənbəyimizdir. Bizim bayrağımız canımızdır, ürəyimizdir. Bu gün Azərbaycanın hər bir yerində Dövlət bayrağı dalğalanır. Azərbaycan ərazi bütövlüyünü bərpa edəndən sonra milli Dövlət bayrağımız bu gün hələ də işğal altında olan torpaqlarda qaldırılacaqdır. Bizim bayrağımız Dağlıq Qarabağda, Xankəndidə, Şuşada dalğalanacaqdır. O günü biz hər an öz işimizlə yaxınlaşdırmalıyıq və yaxınlaşdırırıq. Eşq olsun, Azərbaycan bayrağına!”.

2016-cı ilin aprelində şanlı Azərbaycan Ordusu uğurlu əks-hücum əməliyyatı nəticəsində Azərbaycan bayrağını Lələtəpə yüksəkliyinə sancdı. Bundan sonra Dövlət Bayrağımız işğaldan azad edilmiş, insanların təhlükəsiz yaşaması mümkün olmuş Cocuq Mərcanlıda dalğalandı. Azərbaycan Respublikasının Prezidentinin müvafiq sərəncamları ilə Cocuq Mərcanlı qısa müddətdə bərpa olundu və məcburi köçkünlərin öz doğma torpaqlarına “Qayıdış Proqramı”nın icrasına başlanıldı.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev 2016-cı ilin Aprel qələbəsində Azərbaycan Ordusunun xidmətlərini yüksək qiymətləndirərək deyib: “Aprel döyüşləri hərbi dərsliklərə salınmalıdır. Həm peşəkarlıq, həm də vətənpərvərlik ruhu baxımından Aprel döyüşləri bir daha göstərdi ki, Azərbaycan xalqı qəhrəman xalqdır... Aprel döyüşləri bizim şanlı hərbi qələbəmizdir, dövlətimizin, xalqımızın, ordumuzun gücünü göstərən qələbədir. Aprel döyüşləri nəticəsində Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğaldan azad edilmiş ərazilərində bu gün Azərbaycan bayrağı dalğalanır. Bu döyüşlər onu göstərir ki, Azərbaycan xalqı və dövləti heç vaxt işğalla barışmayacaq, öz ərazi bütövlüyünü nəyin bahasına olursa-olsun bərpa edəcəkdir... Biz işğal edilmiş torpaqlara qayıdacağıq. Bu, bizim əsas vəzifəmizdir. Necə ki, keçən il azad edilmiş torpaqlarda bu gün bayrağımız dalğalanır, hələ də işğal altında olan bütün başqa torpaqlarımızda da Azərbaycan bayrağı qaldırılacaqdır”.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyev 2021-ci il yanvarın 15-də Şuşa şəhərində üçrəngli bayrağımızı ucaltdı və hərbçilərlə görüşdə qeyd etmişdir: “Bakıda möhtəşəm Dövlət Bayrağı Meydanı açılanda mən çıxış edərkən demişdim ki, gün gələcək və Azərbaycan bayrağı işğal edilmiş torpaqlarda, o cümlədən Şuşada qaldırılacaqdır. Bax, bu gün gəldi.

Biz buraya qalib kimi gəlmişik, bayrağı da qaldırmışıq, azad edilmiş bütün torpaqlarda Azərbaycan bayrağı dalğalanır”.

 

Dövlət Gerbi

Azərbaycan Respublikasının Dövlət gerbi

Azərbaycan Respublikasının Dövlət Gerbi Azərbaycan dövlətinin müstəqilliyinin rəmzidir.

Müasir Dövlət Gerbi Azərbaycan Xalq Cümhuriyyəti dövründə yaradılmış gerb layihəsinin müəyyən dəyişikliklər edilmiş formasıdır.

Azərbaycan Xalq Cümhuriyyəti hökuməti 1920-ci il yanvarın 30-da Azərbaycanın Dövlət Gerbi haqqında müsabiqə elan edib və müsabiqədən keçəcək gerb nümunəsinin həmin il mayın 28-də qəbul ediləcəyi haqqında qərar çıxarıb. Lakin 1920-ci il aprelin 28-də Azərbaycan Xalq Cümhuriyyətinin süqut etməsi nəticəsində Dövlət Gerbi haqqında qərarın qəbulu mümkün olmayıb.

1990-cı il noyabrın 17-də Naxçıvan Muxtar Respublikasının Ali Məclisi Dövlət Gerbi ilə bağlı məsələni müzakirə edərək, Azərbaycan SSR Ali Soveti qarşısında Azərbaycanın Dövlət Gerbinin hazırlanması üçün yeni müsabiqənin elan olunması haqqında vəsatət qaldırıb. 1991-ci il fevralın 5-də Azərbaycan Respublikası Ali Sovetinin qərarı ilə müsabiqə elan olunub və 1919-1920-ci illərdə hazırlanmış dövlət gerbi layihələrindən biri müəyyən dəyişikliklər edilməklə 1993-cü il yanvarın 19-da Konstitusiya qanunu ilə Azərbaycan Respublikasının Dövlət Gerbi kimi təsdiq edilib.

2018-ci il noyabrın 2-də “Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunu qəbul edilmişdir.

“Azərbaycan Respublikası Dövlət Gerbinin təsvirinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Maddə 1. Ümumi təsvir

1.1. Azərbaycan Respublikasının Dövlət Gerbi iki palıd budağından və iki sünbüldən ibarət qövsvarı çələngin üzərində yerləşən şərq qalxanı şəklindədir.

1.2. Qalxanın üzərində Azərbaycan Respublikası Dövlət Bayrağının rəngləri fonunda səkkizguşəli ulduz, ulduzun mərkəzində alov təsviri vardır. Ulduz ağ, alov qırmızı, palıd budaqları yaşıl, sünbüllər sarı, qalxanın və ulduzun sağanaqları, habelə qalxanın düymələri (8 ədəd) və palıd qozaları (5 ədəd) qızılı rəngdədir.

Maddə 2. Rəngli, rəngsiz və sxematik təsvir

2.1. Azərbaycan Respublikasının Dövlət Gerbi ölçüsündən asılı olmayaraq, onun bu Təsvirə əlavə edilən rəngli, rəngsiz və sxematik təsvirlərinə uyğun gəlməlidir.

2.2. Azərbaycan Respublikası Dövlət Gerbinin sənaye üsulu ilə hazırlanması və rəngli təsvirinin çapı zamanı alovun qırmızı rənginin “Panton” rənglər kataloqunun Pantone Red 032C rəng koduna, palıd budaqlarının yaşıl rənginin Pantone 7729C rəng koduna, sünbüllərin sarı rənginin Pantone 7548C rəng koduna, qalxanın və ulduzun sağanaqlarının, qalxanın düymələrinin və palıd qozalarının qızılı rənginin Pantone 111C rəng koduna uyğunluğu təmin edilir.

 

Azərbaycan Respublikasının Dövlət Himni

“Azərbaycan Respublikası Dövlət Himninin musiqisinin və mətninin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanunundan çıxarış:

Musiqisi Üzeyir Hacıbəyliyə, sözləri Əhməd Cavada məxsus olan “Azərbaycan marşı” Azərbaycan Respublikasının Dövlət Himni kimi təsdiq edilsin.

Musiqisi: Üzeyir Hacıbəyli 

Sözləri: Əhməd Cavad

 

Azərbaycan, Azərbaycan!

Ey qəhrəman övladın şanlı Vətəni!

Səndən ötrü can verməyə cümlə hazırız!

Səndən ötrü qan tökməyə cümlə qadiriz!

Üç rəngli bayrağınla məsud yaşa!

Minlərlə can qurban oldu,

Sinən hərbə meydan oldu!

Hüququndan keçən əsgər!

Hərə bir qəhrəman oldu!

Sən olasan gülüstan,

Sənə hər an can qurban!

Sənə min bir məhəbbət

Sinəmdə tutmuş məkan!

Namusunu hifz etməyə,

Bayrağını yüksəltməyə,

Cümlə gənclər müştaqdır!

Şanlı Vətən, şanlı Vətən!

Azərbaycan, Azərbaycan!

1920-ci il yanvarın 30-da Azərbaycan Xalq Cümhuriyyətinin Nazirlər Şurası Cümhuriyyətin milli himninin hazırlanması haqqında qərar qəbul etdi və bu məqsədlə Xalq Maarif Nazirliyi tərəfindən müsabiqə elan olundu. Lakin 1920-ci il aprelin 28-də Xalq Cümhuriyyətinin süqutu Azərbaycanın milli himnini qəbul etməyə imkan vermədi.

1992-ci il mayın 27-də parlament “Azərbaycan Respublikasının Dövlət himni haqqında” Qanun qəbul etdi. Qanuna əsasən, 1919-cu ildə dahi bəstəkar Üzeyir Hacıbəyli və şair Əhməd Cavad tərəfindən tərtib olunmuş “Azərbaycan marşı” Azərbaycanın Dövlət Himni kimi təsdiq edildi.

Azərbaycan Respublikasının Dövlət Himni haqqında Əsasnamə Azərbaycan Respublikası Milli Məclisinin 1993-cü il 2 mart tarixli Qərarı ilə təsdiqlənib. 2000-ci və 2004-cü illərdə həmin Əsasnaməyə bir sıra əlavə və dəyişikliklər edilib.

2018-ci il noyabrın 2-də Azərbaycan Respublikası Dövlət Himninin musiqisi və mətni Azərbaycan Respublikasının Konstitusiya Qanunu ilə təsdiq edilmişdir. 2019-cu il fevralın 19-da 1512-VQ nömrəli “Azərbaycan Respublikasının Dövlət Himnindən istifadə qaydaları haqqında” Azərbaycan Respublikasının Qanunu təsdiq edilmişdir.

Bu Qanuna əsasən, Azərbaycan Respublikasının Dövlət Himni aşağıdakı hallarda mütləq ifa edilir:

•  Azərbaycan Respublikasının Prezidenti seçilmiş şəxsin andiçmə mərasimində (and içdikdən sonra);
•  Azərbaycan Respublikasının Prezidenti Azərbaycan Respublikası Milli Məclisinin iclaslarına gəldiyi zaman;
•  Azərbaycan Respublikası Milli Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
•  Naxçıvan Muxtar Respublikası Ali Məclisinin növbəti və növbədənkənar sessiyalarının başlanması və qurtarması zamanı;
•  Azərbaycan Respublikasının bayramlarına həsr olunmuş təntənəli yığıncaqların və iclasların açılışı və bağlanışı zamanı;
•  Azərbaycan dövləti və xalqı üçün mühüm tarixi hadisələr olduqda;
•  Azərbaycanın görkəmli dövlət, siyasi, ictimai, elm, ədəbiyyat, incəsənət xadimlərinin, Azərbaycan Respublikasının Vətən Müharibəsi qəhrəmanlarının və Azərbaycanın Milli qəhrəmanlarının abidələrinin və ya xatirə lövhələrinin açılışı zamanı;
•  dövlət orqanları (qurumları), yerli özünüidarə orqanları, siyasi partiyalar və ya qeyri-hökumət təşkilatları tərəfindən keçirilən mərasimlər və digər təntənəli tədbirlər zamanı (Azərbaycan Respublikasının Dövlət Bayrağı qaldırılarkən və ya asılarkən);
•  Azərbaycan Respublikasına rəsmi görüşə gələn xarici ölkələrin dövlət və hökumət başçılarının qarşılanması və yola salınması zamanı (müvafiq ölkənin Dövlət Himni ifa edildikdən sonra).

Qanunla Azərbaycan Respublikasının Dövlət Himnindən istifadənin digər halları və qaydaları da müəyyən edilmişdir.

Azərbaycan Respublikasının Dövlət Himni musiqisinə (partiturasına) uyğun orkestr, xor və ya orkestr-xor tərəfindən, yaxud başqa vokal üsulla və ya alətlər vasitəsilə, həmçinin səsyazma vasitəsindən istifadə etməklə bütün hallarda tam ifa edilir.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə Azərbaycan Respublikasının vətəndaşları Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməli və ya mətninə uyğun olaraq oxumalıdırlar.

Azərbaycan Respublikasının Dövlət Himni ifa edildikdə əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Dövlət Himnini ayaq üstə, farağat vəziyyətdə sona qədər dinləməlidirlər.

Ümummilli lider Heydər Əliyev Dövlət Himnimizin məziyyətlərindən danışarkən deyib:“Biz öz himnimizi, bayrağımızı özümüz qədər sevməliyik. Çünki bu, bizim Vətənimizə, millətimizə, dövlətimizə olan sədaqət, sevgi və məhəbbətin rəmzidir!”.

 

Azərbaycan Respublikasının Dövlət Himnini yüklə ( 2 MB, .mp3 )