Azərbaycan Diaspor Könüllüləri
“Azərbaycan Diaspor Könüllüləri” könüllülük proqramına Diasporla İş üzrə Dövlət Komitəsi tərəfindən 29 mart 2019-cu ildə start verilib.
Proqrama Azərbaycan Prezidenti İlham Əliyevin 1 fevral 2019-cu ildə Azərbaycan Gənclər Gününə həsr olunmuş Respublika toplantısında söylədiyi “Mənim də tövsiyəm ondan ibarətdir ki, gəncləri dövlət təşkilatları önə çəksinlər. Çünki gənclərin həm potensialı, həm fəallığı, həm də məsələlərə yeni baxışları cəmiyyət üçün çox lazımdır. Bütün dövlət təşkilatlarına tövsiyə etmişəm ki, könüllüləri cəlb etsinlər” fikirlərinə əsaslanaraq start verilib. Könüllülük proqramının təqdimatı 24 aprel 2019-cu ildə Bakıda “Nizami” Kino Mərkəzində keçirilib.
“Azərbaycan Diaspor Könüllüləri” könüllülük proqramı çərçivəsində 10 aprel 2019-cu il tarixinədək Dövlət Komitəsinin rəsmi internet saytında (http://diaspor.gov.az/volunteers/) ilkin olaraq diaspor könüllüsü olmaq istəyən 18-29 yaş arasında olan 609 nəfər müraciət edib, seçilmiş gənclər 2 ay müddətində Dövlət Komitəsində müvafiq Könüllülük proqramı keçib. Proqramın ilk iki həftəsində gənclərə könüllülük fəaliyyəti, diaspor, Azərbaycan diaspor hərəkatı haqqında ümumi məlumatlar verilib. Növbəti həftələrdə isə könüllülər ayrı-ayrı qruplar şəklində müvafiq struktur şöbələrin işi ilə tanış olub. Proqramda iştirak etmiş gənclərə Dövlət Komitəsi tərəfindən sertifikatlar təqdim olunub.
“Azərbaycan Diaspor Könüllüləri” diaspor sahəsində dövlət siyasətinə ictimai dəstəyin təşkilində, yerli və beynəlxalq layihələrdə, diaspor gənclərinin müxtəlif ölkələrdə keçirdiyi tədbirlərdə və uyğun maarifləndirici aksiyalarda iştirak edir.