Zalsburqda “Azərbaycandan hekayələr” kitabının oxu saatı keçirilib
28 yanvar, 2025
Avstriyanın Zalsburq şəhərində fəaliyyət göstərən Azərbaycan Evində həftəsonu dərsləri davam edir. Burada uşaqlara Azərbaycan və alman dilləri, riyaziyyat, rəsm tədris olunur.
Bu həftə Azərbaycan və alman dilləri dərslərində əlavə oxu saatı elan olunub. Uşaqlar oxu saatı üçün görkəmli Azərbaycan yazıçısı Mir Cəlal Paşayevin alman dilinə tərcümə olunan “Azərbaycandan hekayələr”inə müraciət edib.
Əvvəlcə balacalara yazıçı Mir Cəlal barədə geniş məlumat verilib, onun həyat yoluna həsr olunan videoçarx göstərilib.
“Azərbaycandan hekayələr”i oxuyan uşaqlar kitabdakı əsərlərlə bağlı xoş təəssüratlarını bölüşüblər.
Sonda balacalara Mir Cəlalın alman dilinə tərcümə olunan “Azərbaycandan hekayələr” kitabı hədiyyə verilib.
Qeyd edək ki, “Azərbaycandan hekayələr” kitabı nasirin qızı, ədəbiyyatşünas alim Ədibə Paşayev, avstriyalı azərbaycanşünas xanım Liliane Qrimm və dr. Elgün Niftəliyevin səyi nəticəsində ərsəyə gəlib. Kitabda Mir Cəlal Paşayevin yaradıcılığının müxtəlif dövrlərini əhatə edən, incə yumor və kəskin satira, eləcə də dərin lirik hisslərlə yazılmış hekayələri toplanıb.
Foto qalereya
Digər xəbərlər