Yaponiyada azərbaycanlı pianoçu Gülnarə Səfərovanın konserti keçirilib
10 iyun, 2024Yaponiyanın Kanaqava əyalətinin Yokohama şəhərində bu ölkədə yaşayan azərbaycanlı pianoçu Gülnarə Səfərovanın konserti keçirilib.
Konsert Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin və “Zen On” musiqi nəşriyyatının dəstəyi, Azərbaycanın Yaponiyadakı Səfirliyinin informasiya dəstəyi ilə “Kenmin Hall” salonunda gerçəkləşib.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov çıxışında Azərbaycan mədəniyyətinin və incəsənətinin təbliği istiqamətində komitənin Yaponiyada həyata keçirdiyi layihələr barədə ətraflı məlumat verib, Azərbaycan musiqisinə göstərdikləri diqqətə görə tamaşaçılara minnətdarlığını bildirib. Onun sözlərinə görə, ölkələrimiz məsafə baxımından uzaq olsa da, mədəniyyət bizi birləşdirir. Qeyd edib ki, Yaponiyada Azərbaycanın çox istedadlı təmsilçiləri var və pianoçu Gülnarə Səfərova da onlardan biridir. Dahi Azərbaycan bəstəkarı Qara Qarayevin əsərlərinin gündoğar ölkədə çapını yapon və Azərbaycan klassik musiqi əlaqələrinin daha da genişlənməsində vacib addım adlandıran sədr bu layihənin başlanğıcını qoyan Gülnarə Səfərovaya təşəkkür edib.
Daha sonra pianoçular Gülnarə Səfərovanın və Kosuke Naranın ifasında Azərbaycan bəstəkarları Qara Qarayevin və Xədicə Zeynalovanın, eləcə də N.Metnerin, B.Bartokun və K.Sen-Sansın bəstələri səsləndirilib. Anşlaqla keçən konsert tamaşaçıların sürəkli alqış sədaları altında başa çatıb.
Qeyd edək ki, konsert çərçivəsində Gülnarə Səfərovanın “Tovuz quşunun nəğmələri” kitabının təqdimat mərasimi də keçirilib.
Foto qalereya
Digər xəbərlər