Xocalı faciəsinin qurbanları Torontoda yad edilib
20 fevral, 2024Kanadanın Toronto şəhərində Xocalı faciəsinin 32-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin təşkilatçılığı ilə baş tutan tədbirdə həmvətənlərimizlə yanaşı Kanada Türk Dərnəkləri Federasiyasının prezidenti Sima Açan, Qızılbaş Qlobal İrs Şurasının regional direktoru Arşi Qızılbaş, Kanadada yaşayan müxtəlif icmaların üzvləri, Moldovanın fəxri konsulu, Türkiyənin Torontodakı baş konsulunun müavini, kanadalı siyasətçilər, tarixçilər və yerli ictimaiyyətin tanınmış nümayəndələri iştirak edib.
Öncə tədbir iştirakçıları Xocalı qurbanlarının və ölkəmizin ərazi bütövlüyü uğrunda canlarından keçmiş şəhidlərin xatirəsini ehtiramla yad ediblər.
“Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin rəhbəri Lalin Həsənova tədbir iştirakçılarına Xocalı faciəsi barədə ətraflı məlumat verib, xalqımızın məruz qaldığı bu amansız soyqırımın tanıdılmasının, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinə çatdırılmasının əhəmiyyətindən danışıb.
Türkiyənin Torontodakı baş konsulunun müavini Mert Sav Azərbaycan və Türkiyə qardaşlığının əbədi olduğunu və türk xalqının Xocalı qətliamını heç zaman unutmayacağını bildirib.
Tarixçi professor İlqar Məmmədov Xocalıda baş verənləri Azərbaycan tarixinin ən dəhşətli faciələrindən biri kimi qiymətləndirib və tarixi faktları tədbir iştirakçılarının diqqətinə çatdırıb.
Kanadalı siyasətçilər Reza Moridi və Yasmin Ratansi çıxışlarında Xocalının 32 il əvvəl bəşər tarixinin ən amasız qətliamlarından birinə şahidlik etdiyini bildiriblər .
Tədbirin bədii hissəsində görkəmli bəstəkar Arif Məlikovun əsərlərindən ibarət kompozisiya təqdim olunub, “Azərbaycan Evi”nin nəzdində fəaliyyət göstərən “Mənim Azərbaycanım” həftəsonu məktəbinin şagirdləri Xocalı faciəsinə həsr olunmuş şeirlər səsləndirib, Nuray Hüseynova təsirli ifası ilə yadda qalıb.
ELTV media qrupu ilə “Vətən” Azərbaycan İncəsənət və Mədəniyyət Mərkəzinin birgə təşkilatçılığı əsasında “History of Azerbaijan” (“Azərbaycan tarixi”) layihəsi çərçivəsində hazırlanan, Xocalı faciəsini əks etdirən qısametrajlı sənədli filmin nümayişi və foto-sərgi qonaqlar tərəfindən təqdirlə qarşılanıb.
Tədbirin moderatoru tanınmış kanadalı siyasətçi Toni Ruprext olub. O, Xocalı cinayətkarlarının beynəlxalq məhkəməyə cəlb olunmasının vacibliyini vurğulayıb.
Xatırladaq ki, hazırda dünyanın 16 ölkəsində 27 Azərbaycan Evi fəaliyyət göstərir. Toronto Azərbaycan Evi 2023-cü ilin aprel ayından fəaliyyətə başlayıb.
Foto qalereya
Digər xəbərlər