Dərbənd şəhərində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

13 dekabr, 2023

Dərbənd şəhərində Heydər Əliyevin xatirəsi ehtiramla yad edilib

Rusiya Federasiyası Dağıstan Respublikasının Dərbənd şəhərində müasir Azərbaycan dövlətinin qurucusu Heydər Əliyevin vəfatının 20-ci ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.

Dərbənd şəhər Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin təşkilatçılığı ilə anım tədbiri Sovet İttifaqı Qəhrəmanı Şəmsulla Əliyev adına 4 nömrəli tam orta məktəbdə baş tutub.

İştirakçıları salamlayan Dərbənd şəhər Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədri Telman Hacəliyev bildirib ki, görkəmli siyasi xadim, həyatını dövlətinə və xalqına həsr etmiş parlaq şəxsiyyət Heydər Əliyevin adı Azərbaycanın şanlı tarixinə əbədi həkk olunub. Qeyd edib ki, dünyanın nüfuzlu siyasətçiləri və dövlət xadimləri arasında özünəməxsus yer tutan Heydər Əliyev misilsiz xidmətlərinə görə təkcə Azərbaycanda deyil, onun hüdudlarından kənarda da xatırlanır və hörmətlə yad edilir.

Tədbirdə çıxış edən 4 nömrəli tam orta məktəbin direktoru Qaydar Ələkbərov, Azərbaycan dili müəllimləri Səlimə İsayeva və Dilarə Seyidova xalqımızın dahi şəxsiyyəti haqqında bəzi tarixi faktları bölüşüblər.

Sonra Dərbənd Azərbaycan Dövlət Dram Teatrının artistləri Sevda Bəybalayeva, Batulə Hüseynova, Tamilla Mehrabova, Zeynəb Dərbəndli və məktəb şagirdlərinin ifasında Azərbaycan şairlərinin vətənimizə və Heydər Əliyevə həsr etdikləri şeirlər, dünya şöhrətli Azərbaycan bəstəkarı-müğənnisi Müslüm Maqomayevin “Azərbaycan” mahnısı səsləndirilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər