Şimali Kiprdə “Türk Dünyası Novruz Bayramı” adlı proqram keçirilib

29 mart, 2024

Şimali Kiprdə “Türk Dünyası Novruz Bayramı” adlı proqram keçirilib

Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyəti “Türk Dünyası Novruz Bayramı” adlı proqram keçirib.

Tədbirdə çoxlu sayda soydaşlarımızla birlikdə dövlət rəsmiləri, ictimai-siyasi təşkilatların təmsilçiləri, QHT sədrləri və mətbuat nümayəndələri iştirak ediblər.

Azərbaycan-Kıbrıs Dostluq Cəmiyyətinin Mədəniyyət Mərkəzində keçirilən tədbirin açılışında çıxış edən cəmiyyətin sədri Orxan Həsənoğlu əvvəlcə tədbirin baş tutmasında maddi-mənəvi qayğı göstərən Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsi rəhbərliyinə təşəkkür edib. Bildirib ki, 2012-ci ildən Şimali Kipr Türk Respublikasında fəaliyyət göstərən cəmiyyət hər zaman dövlətin qayğısı ilə əhatə olunub: “İl ərzində çoxsaylı mədəni tədbirlər həyata keçirsək də, Novruz bayramı bizim üçün çox fərqli duyğular və həyəcanla keçirilir. Müzəffər Ali Baş Komandan İlham Əliyevin siyasi iradəsi sayəsində doğma torpaqlarımızın işğaldan azad olunması bizim bayram sevincimizə yeni sevinc qatıb”.

Tədbirdə iştrak edən və dəstək göstərən Lefkoşa Yunus Əmrə İnstitutunun direktoru Abdullah Aktaş, Beynəlxalq Final Universitetinin baş katibi Bülənt Taşel, Eko Avrasiya Vəqfinin prezidenti Hikmət Ərən çıxış ediblər. Natiqlər ölkəmizin və türk xalqının milli Novruz bayramını təbrik ediblər.

Bədii hissədə Azərbaycanın xalq artisti Gülyaz Məmmədova, sənətçilər Rəvan Zeynalov, Nahid Əhmədov, Türkiyədən dəvət olunan tanınmış ozan Sezer Aslan, Şimali Kiprin Çağdaş Musiqi Dərnəyinin solistləri Pınar Nilaydan və Akın Zabit çıxış ediblər. Tədbirdə həmçinin Qafqaz Rəqsləri Dərnəyinin üzvləri Azərbaycan milli rəqslərini tanıdıblar.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər