Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Dövlət Komitəsində olub

11 iyul, 2024

Almaniyada fəaliyyət göstərən Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Dövlət Komitəsində olub

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov Almaniya Azərbaycanlıları Alyansının İdarə Heyətinin üzvü, Heydər Əliyev adına Dünya Boks Komitəsinin rəhbəri Yaşar Niftəliyevlə görüşüb.

Görüş çərçivəsində Almaniya Azərbaycanlıları Alyansı tərəfindən görülmüş işlər, ötən ilin noyabr ayında Almaniyanın Maqdeburq şəhərində açılan “Ana dili” məktəbi, Heydər Əliyev adına Dünya Boks Komitəsi və Diaspor Boks Liqasının fəaliyyətindən bəhs edilib.

Komitə sədri Almaniya Azərbaycanlıları Alyansının fəaliyyətini və Azərbaycan icmasının bu ölkədə vətənimizin həqiqətlərini xüsusi fədakarlıqla yerli ictimaiyyətin diqqətinə çatdırmasını müsbət qiymətləndirib.

Yaşar Niftəliyev rəhbəri olduğu təşkilatın fəaliyyəti haqqında məlumat verib, Heydər Əliyev adına Dünya Boks Komitəsinin indiyədək dəfələrlə kütləvi beynəlxalq idman yarışlarının təşkilatçısı qismində çıxış etdiyini bildirib. Həyata keçirilən tədbirlər sırasında Ulu Öndər Heydər Əliyevin əziz xatirəsinə həsr edilmiş boks turnirlərinin, müxtəlif xarakterli idman yarışlarının özünəməxsus yer tutduğunu söyləyib.

Görüşdə Almaniya Azərbaycanlıları Alyansı, Heydər Əliyev adına Dünya Boks Komitəsi və Diaspor Boks Liqasının fəaliyyət perspektivləri barədə fikir mübadiləsi aparılıb, gələcəkdə keçirilməsi nəzərdə tutulan tədbir və layihələr, eləcə də, qarşılıqlı maraq doğuran bir sıra məsələlər müzakirə olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər