Praqada Azərbaycan Evində poeziya gecəsi keçirilib
20 noyabr, 2024Çexiyanın paytaxtı Praqa şəhərində yerləşən Azərbaycan Evində poeziya gecəsi keçirilib.
Poeziya gecəsində müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevə, Zəfər gününə, şəhidlərə həsr olunmuş şeir parçaları səsləndirilib, video çarxlar göstərilib.
“Natəvan” cəmiyyətinin təşəbbüsü ilə Bakı Media Mərkəzinin hazırladığı, musiqisi Anar İbrahimova (Almaniya) və sözləri Leyla Begümə (Çexiya) məxsus “Mənim Ürəyim Şuşa” klipi təqdim olunub. Bəstəkar Rəna Qədimovanın xor və orkestr üçün bəstələdiyi "Sarı gəlin" balladası və Sevinc Cavadovanın ifasında “Qarabağım” mahnısı səsləndirilib.
Şahrun Süleymanovanın tərcüməsində Aleksandr Puşkin, Konstantin Simonov, Robert Rojdestvenski, Leyla Əliyeva və başqalarının şeirləri oxunub. Xalq artisti Vaqif Əsədovun quruluşçu rejissoru olduğu “İmmolatio” pyesindən səhnə nümayiş etdirilib.
Gecədə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyasının (COP29) Bakıda təşkilinin əhəmiyyəti vurğulanıb, məmnunluq dilə gətirilib.
Tədbirin sonunda soydaşımız Roza Əsgərova Qarabağ müharibəsinin qurbanlarına həsr edilmiş “Yuxu” adlı poetik miniatürünü oxuyub.
Foto qalereya
Digər xəbərlər