Moskvada Novruz bayramı tədbiri keçirilib

29 mart, 2024

Moskvada Novruz bayramı tədbiri keçirilib

Moskvada “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatı tərəfindən Novruz bayramına həsr olunmuş tədbir keçirilib.

Tədbirin əvvəlində Azərbaycanın və Rusiyanın Dövlət Himnləri səsləndirilib. Daha sonra “Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının sədri Bəxtiyar Həsənov çıxış edərək bildirib ki, Novruz dünyada yaz gecə-gündüz bərabərliyi günündə qeyd olunan ən qədim bayramlardan biridir. BMT Baş Məclisi tərəfindən Novruzun UNESCO-nun “Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ siyahısı”na daxil edildiyini və hər il martın 21-nin "Beynəlxalq Novruz Günü" kimi qeyd olunması haqda qərar qəbul edildiyini xatırladıb.

Tədbirdə Moskva şəhərinin milli siyasət və regionlararası əlaqələr Departamentinin rəhbərinin müşaviri Valentin Kuryata həmin departamentin rəhbəri Vitaliy Suçkovun təbrik məktubunu oxuyub.

Moskva Azərbaycanlılarının Milli-Mədəni Muxtariyyətinin sədr müavini Həşim Əliyev çıxışında Novruz bayramından bəhs edib, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Milli özünəməxsusluğumuzun ayrılmaz hissəsi hesab etdiyimiz və yabançı təsirlərdən qoruduğumuz Novruz ənənələri bizim mənəvi varlıqlara olan hörmətçil münasibətimizin təzahürü, eləcə də ümumbəşər mədəniyyətinin xəzinəsinə dəyərli töhfəmizdir” sözlərini xatırladıb.

Rusiya telekanallarındakı proqramlarda Azərbaycanın ədalətli mövqeyini müdafiə edən gənc jurnalist-politoloq Aleksey Naumovun çıxışını “Qarabağ Azərbaycandır!” ifadəsi ilə tamamlaması gurultulu alqışlarla qarşılanıb. Azərbaycanlıları Novruz Bayramı münasibətilə həmçinin Moskvanın müxtəlif milli icmaların rəhbərləri öz doğma dillərində təbrik edib.

Gecənin ədəbi-bədii proqramını Famil Əhmədovun rəhbərlik etdiyi “Qarabağ” instrumental-xoreoqrafik ansamblının nağaralar və Azərbaycan bayraqları ilə göstərdiyi hərarətli rəqslər bəzəyib. Müxtəlif millətlərdən olan istedadlı müğənnilər isə Azərbaycan, türkmən, özbək və qaraqalpaq mahnılarını ifa ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər