London və Helsinkidə Zəfər Gününə həsr olunmuş tədbirlər keçirilib
5 noyabr, 2024Böyük Britaniyanın paytaxtı Londondakı “Qarabağ” məktəbinin və Azərbaycan Səfirliyinin birgə təşkilatçılığı ilə Zəfər Gününə həsr olunmuş təntənəli tədbir keçirilib.
Azərbaycanın Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Britaniya Azərbaycanlıları Cəmiyyətinin sədri Fəridə Pənahova açılış çıxışında Azərbaycan xalqının zəfərə gedən çətin və şərəfli yolundan danışıb.
Azərbaycanın Böyük Britaniyadakı səfiri Elin Süleymanov müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi, Azərbaycan xalqının birliyi və iradəsi sayəsində qazanılan zəfərin ölkəmizin gələcək uğurlarının təməlini qoyduğunu bildirib.
London Azərbaycan Evinin rəhbəri dr. Əli Təkin Atalar və tanınmış tarzən Rafiq Rüstəmov çıxış edərək təbriklərini və ürək sözlərini söyləyib.
Daha sonra Böyük Britaniyada yaşayan soydaşımız Emiliya Cəbrayılovanın müəllifi olduğu “Bülbül” adlı kitabın təqdimatı keçirilib. Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə çapdan çıxan kitab uşaqların Azərbaycan əlifbasını rəngarəng və əyləncəli şəkildə öyrənməsi üçün hazırlanıb.
Tədbir bədii hissə ilə davam edib. Türkiyədə yaşayan Əməkdar artist Turan Manafzadə və Londonda təhsil alan azərbaycanlı tələbə İsmayıl Əsədullayev pianoda müxtəlif musiqilər ifa edib. Turan Manafzadənin "Türkiyə 100” marşı xüsusi alqışlarla qarşılanıb. Qonaqlar “Ey əziz anam Azərbaycan” və digər məşhur Azərbaycan mahnılarını səsləndirib. “Qarabağ” məktəbinin şagirdlərinin, valideynlərinin, həmçinin musiqi müəllimləri Rasim Fərziyev və Səadət Fərziyevanın ərsəyə gətirdiyi “Can Azərbaycan” adlı musiqi klipi təqdim olunub. Rasim Fərziyev kamançada “Laçın-Qarabağ” musiqi parçasını ifa edib.
* * *
8 Noyabr – Zəfər Gününə həsr olunmuş növbəti tədbir Azər-Türk Gənclər Təşkilatının sədri, Helsinki Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarovanın təşkilatçılığı ilə Helsinkidə yerləşən Azərbaycan Evində keçirilib.
Azərbaycan icması ilə yanaşı, Helsinkidə yaşayan türk və tatar cəmiyyətlərinin nümayəndələrinin iştirak etdiyi tədbirə Türkiyə Respublikasının Səfirliyinin birinci müşaviri Bengü Tetik fəxri qonaq kimi qatılıb.
Azərbaycan Evinin rəhbəri Ülviyyə Cabbarova çıxışında 44 günlük Vətən müharibəsində əldə edilən zəfərin Azərbaycan xalqı üçün dərin mənası olduğunu vurğulayıb.
Tədbirdə Azərbaycan Evinin müəllimi Aytən Bəşirovanın rəhbərliyi ilə şagirdlərin zəfər mövzusunda hazırladığı təqdimatlar nümayiş olunub, şeirlər və mahnılar səsləndirilib. Bu çıxışlar iştirakçılara Azərbaycanın şanlı zəfər tarixini xatırladaraq müharibə dövründə xalqımızın keçdiyi yolu bir daha nümayiş etdirib.
Foto qalereya
Digər xəbərlər