Kaunasda Novruz bayramı qeyd edilib

29 mart, 2024

Kaunasda Novruz bayramı qeyd edilib

Litvanın ikinci böyük şəhəri olan Kaunasda yerləşən 19-cu əsrə aid tarixi qalada Novruz bayramı qeyd edilib.

Bayram şənliyi Litvada yaşayan Azərbaycan icması ilə Baltikyanı ölkələrdə yaşayan Azərbaycanlıların Koordinasiya Şurasının Litva üzrə əlaqələndiricisi, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) və “Speak Lithuania” təşkilatının rəhbəri Nərmin Əliyeva tərəfindən təşkil edilib. Tədbirin keçirilməsində məqsəd Litvada yaşayan Azərbaycan cəmiyətinin həm yerli, həm də digər xalqlarla dostluq münasibətlərini möhkəmləndirmək, milli adət-ənənələrimizi tanıtmaq olub.

Tədbir iştirakçılarına Novruz bayramının tarixi, adət-ənənələri haqqında geniş məlumat verilib, qonaqlara milli şirniyyatlarımız təqdim edilib, Azərbaycan milli musiqiləri səsləndirilib, milli rəqslərimiz nümayiş olunub.

Bayramda azərbaycanlı  və litvalı gənclərlə yanaşı, müxtəlif millətlərdən -  İndoneziya, Hindistan, Polşa, Türkiyə, Kolumbiya, Argentina, Ukrayna, İran, Pakistan, İsveç, Estoniya, Latviya, Qırğızıstan və Qazaxıstandan da qonaqlar iştirak edib.

Tədbirin sonunda bayram tonqalı qalanıb.

Qeyd edək ki, Litva Azərbaycanlı Gənclər Təşkilatının (AYOL) sədri Nərmin Əliyevanın rəhbəri olduğu “Litvaca danışın!” (“Speak Lithuania”) layihəsi bir müddət əvvəl “Litvanın Gücü” mükafatına layiq görülüb. Mükafatı həmyerlimizə Litva prezidenti Gitanas Nauseda təqdim edib.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər