Qars Qafqaz Universitetinə və İğdır Azərbaycan Evinə kitablar təqdim olunub

23 may, 2025

Qars Qafqaz Universitetinə və İğdır Azərbaycan Evinə kitablar təqdim olunub

Diasporla İş üzrə Dövlət Komitəsi Qars Qafqaz Universitetinin nəzdindəki Heydər Əliyev Təhsil Mərkəzinə və İğdır Azərbaycan Evinə müxtəlif mövzularda 165 adda 368 nüsxə kitab təqdim edib.

Diasporla İş üzrə Dövlət Komitəsinin tabeliyindəki Azərbaycan Diasporuna Dəstək Fondunun (ADDF) maliyyə yardımı ilə çapdan çıxan, eləcə də Bakı Dövlət Universitetindən (BDU) komitəyə hədiyyə olunan bu nəşrlər Ümummilli Lider Heydər Əliyevin ictimai-siyasi fəaliyyəti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə 44 günlük Vətən müharibəsində qazanılan tarixi Zəfər, ölkəmizin ilk ali təhsil müəssisəsi BDU-nun 100 illik yubileyi, Azərbaycanın görkəmli ədiblərinin əsərləri, Azərbaycan tarixi, musiqisi, dili və ədəbiyyatı, xalqımızın qan yaddaşı kimi mövzuları əhatə edir.

Kitabların təqdim olunması ilə əlaqədar mərasimlər təşkil olunub. Mərasimlərdə Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev, Azərbaycanın Qars şəhərindəki Baş konsulu Zamin Əliyev, İğdır valiliyinin nümayəndələri, İğdır Universitetinin yeni təyin olunan rektoru Ekrem Gürel, TADEF sədrinin müşaviri Pərviz Məmmədzadə, İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar, Qars Qafqaz Universitetinin prorektoru Engin Kılıç, Azərbaycan dili və ədəbiyyatı departamentinin müdiri prof. dr. İlkin Qulusoy, Beynəlxalq əlaqələr şöbəsinin müdiri prof. dr. Hacalı Nəcəfoğlu, Azərbaycan dili və ədəbiyyatı departamentinin müəllim-tələbə heyəti, universitetin azərbaycanlı tələbələri iştirak ediblər.

Valeh Hacıyev çıxışında Türkiyənin Şərqi Anadolu bölgəsi, xüsusilə Qars və İğdır şəhərlərinin etnik tərkibinin əsasən Qərbi Azərbaycan əsilli soydaşlarımızdan formalaşdığına toxunaraq, onların milli özünəməxsusluğunu qoruyub saxlamasında və inkişaf etdirməsində kitabların əhəmiyyətindən danışıb.

Baş konsul Zamin Əliyev böyüməkdə olan gənc nəslin və digər oxucuların Azərbaycanla bağlı yeni məlumatlar əldə etməsi, onun dövlətçilik ənənəsi, müasir tarixi ilə tanış olması üçün bu cür tədbirlərin, aksiyaların geniş imkanlar yaratdığını qeyd edib.

Digər çıxışçılar da kitabdan qiymətli hədiyyə olmadığı fikrini bir daha xatırladaraq dövlət komitəsinə və BDU-ya minnətdarlıqlarını bildiriblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər