İsraildə Azərbaycan əsilli şairin yubileyi və filmin təqdimatı keçirilib

4 aprel, 2025

İsraildə Azərbaycan əsilli şairin yubileyi və filmin təqdimatı keçirilib

İsrailin Afula şəhərində həmin ölkədə yaşayan Azərbaycan əsilli şair Mixail Salmanın 75 illik yubileyi və azərbaycanlı rejissor Rüfət Əsədovun “Sevgimizin yolları” adlı sənədli filminin premyerası keçirilib.

Sənədli film İsraildə yaşayan və hər iki xalq arasında dostluq əlaqələrinin inkişafına verdikləri töhfə ilə tanınan Mixail və Yeganə Salman haqqındadır.

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə baş tutan yubiley tədbirinə Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin rəhbəri İnna Okun, Qiryat Yam şəhər merinin müavini, “Azİz - İsrail və Azərbaycan Xalqlararası Əlaqə” Assosiasiyasının prezidenti Adam Amilov və digər qonaqlar qatılıb.

Afula Bələdiyyəsinin Absorbsiya İdarəsinin rəhbəri İnna Okun təbrik nitqində Salman ailəsinin Afula şəhərinin mədəni həyatındakı rolunu qeyd edib və şəhər rəhbərliyi adından xatirə hədiyyəsi verib.

Adam Amilov çıxışında Mixail Salmanı bu əlamətdar gün münasibətilə təbrik edib. O, Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun təbrik məktubunu və hədiyyəni yubilyara təqdim edib.

Sonra “Sevgimizin yolları” adlı film göstərilib. Qonaqların marağı və alqışları ilə  qarşılanan filmin yaxın zamanlarda Qüds şəhərində və müxtəlif kinofestivallarda nümayiş olunacağı bildirilib.

Qeyd edək ki, “Sevgimizin yolları” filminin rejissoru Rüfət Əsədov Azərbaycanda anadan olub. O, 60-dan çox bədii və sənədli filmin ərsəyə gəlməsində iştirak edib. Çəkdiyi filmlər müxtəlif mükafatlara (Azərbaycanın “Humay” mükafatı, Strasburq və Paris kinofestivallarının mükafatları və s.) layiq görülüb və kinofestivallarda (San Fransisko  Yəhudi Kino Festivalı, Zaqreb Yəhudi Kino Festivalı və s.) nümayiş olunub.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər