Fuad Muradov Malayziya rəsmiləri ilə ikitərəfli görüşlər keçirib
10 oktyabr, 2024Malayziyada səfərdə olan Azərbaycan Respublikası Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov həmin ölkənin parlamentinin Senatının sədri Avanq Bemee (Awang Bemee) ilə görüşüb.
Qonağı səmimi salamlayan Senat sədri iki ölkənin münasibətlərinin son illər yüksələn xətt üzrə inkişaf etdiyini vurğulayıb, BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının Bakıda keçiriləcək 29-cu sessiyasına (COP29) Malayziya rəsmilərinin dəvət olunmasına görə minnətdarlığını bildirib.
Səmimi qəbula görə təşəkkür edən Komitə sədri ötən il Azərbaycanla Malayziya arasında diplomatik əlaqələrin qurulmasının 30 ilinin tamam olduğunu məmnunluqla xatırladıb. Azərbaycanın 20 faiz ərazisinin Ermənistanın işğalı altında olduğu 30 il müddətində BMT, İslam Əməkdaşlıq Təşkilatı və digər beynəlxalq platformalarda ölkəmizin haqlı mövqeyini daim dəstəklədiyinə görə Malayziya hökumətinə və xalqına minnətdarlıq edib. Azərbaycan dövlətinin diaspor siyasəti, Komitənin tarixi, fəaliyyət istiqamətləri və həyata keçirdiyi layihələr barədə məlumat verən sədr iki ölkə arasında böyük əməkdaşlıq perspektivlərinin olduğunu vurğulayıb, Azərbaycan icmasının Malayziya cəmiyyətinə inteqrasiyası və gənc soydaşlarımızın təhsil imkanları barədə fikirlərini bölüşüb.
Görüşdə Malayziya parlamentinin senatorları Manolan bin Mohamad, Tuan İsaiah D.Jacob, Nelson Renganathan və Zurainah Musa da iştirak ediblər.
Komitə sədrinin növbəti görüşü Malayziya parlamentinin Qərbi Asiya regionu üzrə Dostluq Qrupunun rəhbəri Zahir bin Hassan ilə olub. Bu ilin may ayında Azərbaycana səfər etdiyini xatırladan malayziyalı deputat iki ölkə arasında vizasız rejimin mövcudluğunu ikitərəfli münasibətlərin yüksək səviyyədə olmasının göstəricisi kimi qiymətləndirib.
Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən yaradılan Komitənin fəaliyyət istiqamətləri barədə məlumat verən Fuad Muradov Prezident İlham Əliyevin tövsiyələrinə uyğun olaraq soydaşlarımızın yerli cəmiyyətə inteqrasiyası və şəbəkələşməsi, xaricdəki Azərbaycan icmalarının gördüyü işlər, eyni zamanda milli kimliklərini qoruması, ölkəmizə dost xalqların nümayəndələri ilə həyata keçirilən layihələr, azərbaycanlı tələbələrin Malayziyada təhsil həyatı, beynəlxalq layihələr çərçivəsində təcrübə mübadiləsi barədə fikirlərini açıqlayıb.
Görüşdə qarşılıqlı maraq doğuran məsələlər ətrafında əməkdaşlığın inkişafına dair fikir mübadiləsi aparılıb.
Səfər çərçivəsində Komitə sədri Malayziyanın ali təhsil nazirinin müavini Mustafa Sakmud ilə də görüşüb. İki ölkə arasında münasibətlərin səviyyəsindən məmnunluğunu ifadə edən nazir müavini qarşılıqlı tələbə mübadiləsi sahəsində fəaliyyətin gücləndirilməsinin vacibliyini vurğulayaraq, “Biz onlara Malayziyada Azərbaycan diasporunun gələcək üzvləri kimi baxırıq” söyləyib.
Azərbaycanda təhsilə dövlət qayğısı haqqında söz açan Fuad Muradov Xaricdə Təhsil üzrə Dövlət Proqramı, bu il Xankəndidə fəaliyyətə başlayan Qarabağ Universiteti, Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə fəaliyyət göstərən Azərbaycan evləri və həftəsonu məktəbləri haqqında məlumat verib.
Qarşılıqlı fikir mübadiləsi ilə davam edən görüşdə Azərbaycanın Malayziyadakı səfiri İrfan Davudov da iştirak edib.
Foto qalereya
Digər xəbərlər