Diaspor fəalı Roma Papasını ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandallıqlara münasibət bildirməyə çağırıb

18 oktyabr, 2023

Diaspor fəalı Roma Papasını ermənilərin Azərbaycan torpaqlarında törətdiyi vandallıqlara münasibət bildirməyə çağırıb

Almaniyada yaşayan diaspor fəalı Asəf Əsgər növbəti müraciətini Roma Papası Fransisk həzrətlərinə ünvanlayıb.

Fransisk həzrətlərinin Vatikanın Müqəddəs Pyotr meydanında çıxışı zamanı Qarabağdakı monastırların, dini ibadət yerlərinin qorunmasına və hörmət edilməsinə çağırışına cavab olaraq diaspor fəalı qeyd edib ki, artıq bu narahatlığa səbəb qalmayıb. Çünki Azərbaycanın əzəli torpağı olan Qarabağ bölgəsi beynəlxalq hüquqa uyğun olaraq erməni hərbi birləşmələrindən tamamilə təmizlənib. Çoxəsrlik tolerantlıq ənənələrinə və multikultural dəyərlərə sadiq olan Azərbaycanda isə bütün dinlərin, o cümlədən xristian dini irsinin qorunub-saxlanılması dövlət siyasətinin əsas prioritetlərindən biridir.

Məktubda işğal illərində Ermənistan tərəfindən Azərbaycanın Qarabağ bölgəsində xalqımıza məxsus tarixi, mədəni, dini abidələrin məhv edildiyi, təhqir və talan olunduğu, ermənilərin bu dəhşətli vandallığı təkcə İslam abidələrinə qarşı deyil, həm də Qarabağdakı alban və pravoslav kilsələrinə qarşı törətdiyi faktlarla ətraflı şəkildə nəzərə çatdırılıb. Qarabağdakı kilsələrə başkəsən erməni terrorçularının dini rəhbər təyin olunduğu vurğulanıb.

Heydər Əliyev Fondunun dəstəyi ilə Paris, Strasburq, Roma, Vatikan, Berlin, London və Varşavada dini abidələrin təmir edildiyi, bu addımlara görə həmin ölkələrin rəsmi şəxslərinin Azərbaycan Respublikasının Birinci vitse-prezidenti və Heydər Əliyev Fondunun Prezidenti Mehriban xanım Əliyevaya minnətdarlıq bildirdikləri yada salınıb: “Hörmətli Fransisk həzrətləri, Azərbaycan dövləti Avropada  kilsələri, parkları təmir edirsə, deməli, öz ərazisində mövcud olan dini məbədlərə yüksək səviyyədə diqqət göstərir və nəzarət edir”.

Diaspor fəalı Roma Papasını ermənilərin 30 il ərzində işğal etdikləri Azərbaycan ərazilərində törətdikləri dəhşətli vandalizm aktlarına münasibət bildirməyə çağırıb: “Ermənilərin Azərbaycanın Qarabağ bölgəsində yerləşən Qafqaz Albaniyasına aid olan kilsələri saxtalaşdırması və onu özününküləşdirməsinə siz necə qiymət verirsiniz? Qarabağda yerləşən 67 məsciddən 65-nin dağıdılmasına və onun içində mal-qara saxlanılmasına necə qiymət verirsiniz? Biz cox istərdik ki, ermənilərin Qarabağda törətdiyi bu cinayətlərlə bağlı Siz bəyanatla çıxış edəsiniz. Azərbaycana məxsus olan Qarabağ bölgəsində məscidlərin dağıdılması İslam dininə və bütün dünya müsəlmanlarına, alban kilsələrinin saxtalaşdırılıb özününküləşdirilməsi isə xristian dininə və Azərbaycanda yaşayan udin xalqına təhqirdir”.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər