Bolnisidə Novruz bayramı qeyd olunub

19 mart, 2024

Bolnisidə Novruz bayramı qeyd olunub

“Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin təşkilatçılığı ilə Bolnisi rayonunun Mədəniyyət və İstirahət parkında Novruz Bayramı münasibətilə bayram tədbiri keçirilib.

Tədbiri giriş sözü ilə  açan Mərkəzin icraçı direktoru Rezo Həsənov öncə qonaqları qarşıdan gələn Novruz bayramı münasibətilə təbrik edib, sonra 2023-cü ildə Mərkəz tərəfindən həyata keçirilmiş tədbirlərlə bağılı qısa məlumat verib.

Gürcüstan parlamentinin sabiq deputatı Ramiz Bəkirov çıxışında 2021-ci ildən etibarən fəaliyyət göstərən “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin Bolnisi rayonunda bir çox yeniliklərin təməlini qoyduğunu bildirib.

Daha sonra Gürcüstan parlamentinin sabiq deputatı Mahir Dərziyev, “Qafqaz Hüquq və İnteqrasiya Mərkəzi”nin Azərbaycan dili müəllimi Fatma Əliyeva, Kvemo-Bolnisi (Kəpənəkçi) kənd 2 nömrəli ictimai məktəbin direktor müavini Çingiz Yaqublu və “Gürcüstan Azərbayacanlılarının İnteqrasiya Mərkəzi”nin (GAİM) direktoru Murad Muradov çıxış edərək bildiriblər ki, Novruz bayramını və digər milli bayramlarımızı yaşatmaq, adət-ənənələrimizi gələcək nəsillərə ötürmək hər azərbaycanlının borcudur.  

Tədbirin gedişatında Bolnisi rayonunun kəndlərindən olan milli rəqs qrupları və Mərkəzin üzvləri azərbaycan və gürcü rəqslərini nümayiş etdirib, aşıqların ifasında saz havaları səslənib.

Daha sonra Mərkəzin 100-ə yaxın üzvünə Azərbaycan, gürcü və ingilis dili fənnlərindən əldə etdikləri nailiyyətlərə görə sertifikatlar verilib. Bundan əlavə, Mərkəzdə Azərbaycan dili, gürcü dili, ingilis dili, incəsənət və rəsm, məntiq, riyaziyyat fənnlərini tədris edən müəllimlərə təşəkkürnamələr təqdim edilib.

 Mərkəzin İncəsənət və rəsm müəllimi Qəşəm Süleymanovun və rəsm kursunun üzvü Türanə Süleymanovanın çəkdiyi rəsmlər qonaqlar tərəfindən böyük maraqla qarşılanıb.

Sonda bayram tonqalı qalanıb və  tədbir iştirakçıları üçün bayram süfrəsi açılıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər