Bişkekdə “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hüquqi aspektlər” adlı kitabın təqdimatı keçirilib

15 aprel, 2024

Bişkekdə “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hüquqi aspektlər” adlı kitabın təqdimatı keçirilib

Qırğız Respublikasında fəaliyyət göstərən “Birlik” Azərbaycanlıların İctimai Birliyi, Ç.Aytmatov adına “Beynəlxalq İssık-Kul Forumu” İctimai Birliyi və Y.Balasaqunlu adına Qırğız Milli Universitetinin birgə təşkilatçılığı ilə hüquq elmləri doktoru, professor Namiq Əliyevin “Azərbaycanın ərazi bütövlüyünün və suverenliyinin bərpası. Hüquqi aspektlər” kitabının təqdimatı keçirilib. Kitabda Ermənistanın Azərbaycana qarşı ərazi iddialarının hüquqi uyğunsuzluğu sübuta yetirilir. Nəşrdə, həmçinin 44 günlük Vətən Müharibəsi və 2023-cü ilin sentyabrında aparılmış antiterror tədbirləri nəticəsində suverenliyin tam bərpasından sonra yaranan bəzi hüquqi məsələlərə aydınlıq gətirilib.

Qırğız Milli Universitetində baş tutan təqdimat mərasimində Qırğız Respublikasının Azərbaycan Respublikasındakı səfiri Kayrat Osmonaliyev, Azərbaycan Respublikasının Qırğız Respublikasındakı səfiri Lətif Qəndilov, “Birlik” İb-nin sədri Xansıvar Baxşəliyevlə yanaşı ölkənin ictimai-siyasi xadimləri, universitetin professor-müəllim heyəti və tələbələr iştirak ediblər.

Tədbirdə çıxış edənlər Azərbaycanın qazandığı qələbənin, eləcə də Azərbaycanın müasir beynəlxalq münasibətlər sistemində öz mövqeyini getdikcə möhkəmləndirməsinin Prezident İlham Əliyevin yürütdüyü uğurlu siyasətin nəticəsi olduğunu bildiriblər. Qeyd edilib ki, bu kitab beynəlxalq müstəvidə ölkəmizin ədalətli mövqeyinin dəstəklənməsində, Azərbaycan həqiqətlərinin dünya ictimaiyyətinin diqqətinə çatdırılmasında  faydalı vasitə ola bilər.

Çıxış edənlər həmçinin türk dövlətlərinin, xalqlarının, diaspor təşkilatlarının vahid ideya və məqsədlər uğrunda mübarizə aparması, ideoloji-siyasi cəbhədə eyni mövqe nümayiş etdirməsinin önəminə də toxunublar.

Tədbirdən sonra Namiq Əliyev Bişkekdə fəaliyyət göstərən Heydər Əliyev adına 20 nömrəli Məktəb-Gimnaziya Kompleksini ziyarət edib, Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin büstü önünə gül dəstələri qoyub. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər