Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib

5 mart, 2025

Beynəlxalq Ana Dili Günü münasibətilə Azərbaycan və Norveç məktəblilərinin görüşü keçirilib

Norveç Krallığının Oslo şəhərində fəaliyyət göstərən Nizami Gəncəvi adına həftəsonu Azərbaycan dili məktəbinin və Bakı şəhəri Nizami rayonu 220 saylı məktəb-liseyin şagirdləri arasında Beynəlxalq Ana Dili Gününə həsr edilmiş onlayn görüş keçirilib.

Görüşdə hər iki məktəbin şagirdləri tanınmış uşaq yazıçısı Gülzar İbrahimovanın Skandinaviya nağıl qəhrəmanlarına həsr olunan “Trolların sirri” əsərini müzakirə ediblər. Nağıl qəhrəmanlarının və adların həm milli, həm də əcnəbi olması şagirdlərdə maraq doğurub.

Azərbaycan dili məktəbinin şagirdi Səlim Abbaszadənin “Trolların sirri” nağılını Norveç dilinə tərcümə etməsi rəğbətlə qarşılanıb.

Gülzar İbrahimova görüşdə “Ana dili” haqqında yazdığı yeni şeir, mahnı və hekayələrini şagirdlər üçün oxuyub.

Nizami rayonu 220 saylı məktəb-liseyin şagirdləri “Trolların sirri” nağılından səhnələşdirilən bir hissəni oynayıblar.

Həftəsonu ana dili məktəbinin şagirdləri – Ənvər Ramberq, Aida Ramberq, Sabina Əliyeva, Altay Bagheri və Simurq Abbaszadə ana dilinə aid mahnılar oxuyub və şeirlər deyiblər. Səlim Abbaszadə Ana Dili Günü mövzusundakı rəsmlərini görüş iştirakçılarına təqdim edib.

Görüş iştirakçısı şagirdlərə “Kiçik Dünya” Uşaqların Maarifləndirilməsinə Kömək Birliyinin diplomları verilib.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər