Bişkekdə diaspor nümayəndələri ilə görüş keçirilib

28 iyun, 2024

Bişkekdə diaspor nümayəndələri ilə görüş keçirilib

Qırğız Respublikasında yaşayan milli və etnik azlıqlar arasında münasibətləri tənzimləyən ictimai qurum olan Qırğızıstan Xalq Assambleyasında həmin ölkədə məskunlaşmış Azərbaycan diaspor nümayəndələri ilə Diasporla İş üzrə Dövlət Komitəsinin rəhbərliyinin görüşü keçirilib.

Qırğız Respublikasına işgüzar səfər çərçivəsində baş tutan görüşdə Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin sədr müavini Vaqif Seyidbəyov tədbir iştirakçılarına Komitənin fəaliyyət istiqamətləri, həyata keçirilən layihələr barədə məlumat verib, Qırğızıstanda yaşayan soydaşlarımızın problemlərinin həllinin ölkəmiz üçün əhəmiyyətindən danışıb. Sədr müavini Azərbaycan dilinə, ədəbiyyatına, tarixinə marağın artmasının, həmvətənlərimizin yerli vətəndaş cəmiyyətinə inteqrasiyasının vacibliyini vurğulayıb, həmçinin Qırğız Respublikası dövlətinin orada yaşayan azərbaycanlılara qayğısından məmnunluğunu ifadə edib.

“Birlik” İctimai Birliyinin sədri Xansıvar Baxşəliyev görüş iştirakçılarını salamlayaraq, diasporun hazırki vəziyyəti, son aylar müşahidə olunan canlanma və təşkilatın gələcək planları barədə məlumat verib. 

Daha sonra “Azəri” İctimai Birliyinin fəxri prezidenti, Qırğız Respublikasının Əməkdar həkimi Akif Alaferdov çıxış edərək Azərbaycan dövlətinin xaricdə yaşayan soydaşlarımıza göstərdiyi diqqətə görə minnətdarlığını bildirib.

Sonra həmvətənlərimizi maraqlandıran suallar cavablandırılıb, yeni təşəbbüslər ətrafında fikir mübadiləsi aparılıb, Komitəyə müraciət qaydalarına dair məlumat verilib.

Tədbirin sonunda Qırğız Respublikasının Prezidenti yanında Dövlət Dili və Dil Siyasəti üzrə Milli Komissiyasının sabiq rəhbəri Kanıbek Osmanaliyevə “Heydər Əliyevin 100 illiyi (1923–2023)” yubiley medalı, Qırğızıstanda yaşayan soydaşımız, diaspor fəalı, həkim Nəbi Tağıyevə “Diaspor fəaliyyətində xidmətə görə” medalı təqdim edilib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər