Azərbaycan UNESCO-da Beynəlxalq Çay Günündə təmsil olunub

12 iyun, 2024

Azərbaycan UNESCO-da Beynəlxalq Çay Günündə təmsil olunub

Azərbaycan Parisdə UNESCO-nun Mənzil Qərargahında keçirilən Beynəlxalq Çay Günündə təmsil olunub.

 “Fransa-Azərbaycan Dialoqu Assosiasiyası” və “Toğrul Nərimanbəyov Assosiasiyası”nın təşkilatçılığı ilə qurulmuş guşədə Azərbaycan çay məhsulları və milli naxışlarla bəzədilmiş armudu stəkanlarla, çaydanlarla yanaşı şirniyyatlarımız, milli geyimlərimiz, eləcə də Heydər Əliyev Fondunun UNESCO-nun maddi və qeyri-maddi mədəni irs siyahısına salınmış mədəni və tarixi irs abidələrinə dair fransız dilində nəşrləri, tariximizə, mədəniyyətimizə aid çap məhsulları, müxtəlif suvenirlər nümayiş olunub. Ziyarətçilərə Azərbaycan çayı haqqında məlumat verilib və fransız dilində nəşrlər hədiyyə edilib.

Tədbirdə UNESCO-nun Baş direktorunun müavini Sin Ku, çay istehsal edən ölkələrin təşkilat yanında daimi nümayəndələri çıxış edərək çay bitkisinin yarpaqlarından hazırlanan bu içkinin sudan sonra ən çox istehlak edilən içki olduğunu qeyd ediblər. Çayın sağlamlıqla bağlı məziyyətləri vurğulanıb.

Çay süfrələri hər ölkənin ənənələrinə uyğun şəkildə UNESCO yanındakı daimi nümayəndəliklər tərəfindən təşkil edilib. Tədbirdə yanaşı olan Azərbaycanın və Türkiyənin çay stendləri daha çox diqqəti cəlb edib.

Ekspozisiyada Parisdə fəaliyyət göstərən “Natəvan” məktəbinin şagirdlərinin Azərbaycan, Şuşa, eləcə də sülh mövzusu ilə bağlı çəkdikləri rəsm əsərləri də nümayiş olunub.

Tədbirin bədii hissəsində iştirakçı ölkələrin nümayəndələri milli musiqi və rəqslərini təqdim ediblər.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər