Azərbaycanlı jurnalist BMT-nin təqaüd proqramına seçilib

30 sentyabr, 2022

Azərbaycanlı jurnalist BMT-nin təqaüd proqramına seçilib

ABŞ-da fəaliyyət göstərən azərbaycanlı jurnalist Vüsalə Abbasova Birləşmiş Millətlər Təşkilatının (BMT) Reham əl-Farra memorial jurnalistika təqaüdü proqramına seçilib. 

 

Həmyerlimiz inkişaf etməkdə olan ölkələri təmsil edən 700 ən yaxşı gənc jurnalistin arasından seçilib və 1980-ci ilin dekabrında BMT Baş Assambleyasının 35/201 saylı qətnaməsi ilə mandatlaşdırılan proqrama qəbul olunan ilk azərbaycanlı olub. 

 

Üç həftəlik proqram zamanı təqaüdçülər BMT-də təşkil olunan xüsusi brifinqlərdə iştirak etmək, yüksək vəzifəli məmurlardan müsahibə almaq və dünyanın müxtəlif ölkələrindən olan həmkarları ilə fikir mübadiləsi aparmaq imkanı əldə edirlər. Proqram iştirakçılarının ABŞ-ın "The New York Times”, “Democracy Now”, “BuzzFeed” kimi məşhur media qurumlarını ziyarət etməsi, “beyin mərkəzi” (“think-tank”) müzakirələrinə qatılması nəzərdə tutulub.   

 

Bu təqaüd proqramı BMT-nin Bağdad qərargahındakı terror aktı zamanı öldürülən 29 yaşlı fələstinli diplomat və jurnalist Reham əl-Farranın xatirəsinə həsr olunub. Həmyerlimiz artıq proqrama qəbul olan 22 ölkə təmsilçisinə Azərbaycan haqqında ətraflı məlumat verib və Ermənistanın ölkəmizə qarşı apardığı işğalçılıq siyasətinə diqqəti cəlb edib. 

 

Qeyd edək ki, Vüsalə Abbasova Cəbrayıl rayonun Mərcanlı kəndində doğulub. Bakalavr və magistr təhsilini Türkiyədə tamamlayıb. Hazırda ABŞ-ın Yel (Yale) Universitetində təhsilini davam etdirir. Eyni zamanda “Report” xəbər agentliyinin və “Xəzər” TV-nin ABŞ-dakı müxbiri kimi fəaliyyət göstərir.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər