Albert Aqarunovun xatirəsi anılıb

25 aprel, 2024

Albert Aqarunovun xatirəsi anılıb

Bu gün Azərbaycanın Milli Qəhrəman Albert Aqarunovun anadan olmasının 55 illiyinə həsr olunan anım tədbiri keçirilib.

Azərbaycan Respublikasının “Veteran Tankçılar” İctimai Birliyinin təşkilatçılığı ilə baş tutan mərasimdə Müdafiə Nazirliyinin rəsmiləri, Dağ Yəhudiləri dini icmasının rəhbəri Milix Yevdayev, STİMEGİ təşkilatının təmsilçiləri, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, ictimaiyyət nümayəndələri, qəhrəmanın döyüş yoldaşları, ailə üzvləri, o cümlədən qardaşı Rant Aqarunov iştirak edib.

Öncə torpaqlarımızın azadlığı uğrunda canından keçmiş qəhrəmanın Birinci Şəhidlər Xiyabanındakı məzarı ziyarət olunub və A.Aqarunovun ruhuna dualar oxunub.

Anım tədbiri Nərimanov rayonunda Albert Aqarunovun xatirəsinə ucaldımış abidə önündə davam edib. Tədbirdə çıxış edənlər bildiriblər ki, Albert Aqarunovun əziz xatirəsi nəinki ölkəmizdə, ölkə hüdudlarından kənarda da unudulmur, dünyanın müxtəlif ölkələrində ona həsr olunmuş tədbirlər keçirilir.

Azərbaycanın Milli Qəhrəmanı Albert Aqarunovun 55 illik yubileyi münasibətilə təhsil aldığı və onun adını daşıyan Suraxanı Rayon 154 nömrəli tam orta məktəbdə də tədbir təşkil edilib. Şəhidin xatirəsinə həsr olunmuş anım tədbirində YAP Suraxanı Rayon Təşkilatının sədri Vüqar Seyidov, Suraxanı Rayon İcra Hakimiyyəti başçısının müavini Könül Axundova, Albert Aqarunovun qardaşı Rant Aqarunov, Azərbaycan Respublikasının Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Səlhət Abbasova, Azərbaycanın Əməkdar artisti Xəyyam Nisanov, qazilər, müharibə iştirakçıları, şəhid anaları iştirak ediblər. Bildirilib ki, 1991-ci ilin oktyabrında könüllü olaraq Milli Ordu sıralarına yazılan yəhudi əsilli 23 yaşlı Albert Aqarunov doğma vətəni Azərbaycanın Qarabağ bölgəsinin, Şuşa şəhərinin müdafiəsinə qalxıb. Onun döyüşlərdə nümayiş etdirdiyi qeyri-adi qəhrəmanlığı, vətənpərvərliyi, cəsurluğu, qorxmazlığı ilə silahdaşlarının  böyük hörmətini qazandığı, bütün ölkədə tanındığı, hələ sağlığında “Şuşanın əfsanəsi” adına layiq görüldüyü  tədbir iştirakçılarının nəzərə çatdırılıb.

Xatırladaq ki, Albert Aqarunov 1969-cu il aprelin 25-də Bakı şəhərində anadan olub. Suraxanı rayonu 154 nömrəli orta məktəbdə 8-ci sinfi bitirdikdən sonra təhsilini 533 saylı tankın komandiri kimi Şuşa, Xankəndi, Daşaltı və Cəmilli istiqamətlərində gedən ağır döyüşlərdə iştirak edərək, düşmənin onlarla canlı qüvvəsini və çoxlu sayda hərbi texnikasını məhv edib.

1992-ci il mayın 8-də Şuşa-Laçın yolunda gedən ağır döyüşlər zamanı qəhrəmancasına həlak olub. Ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər