İsraildə Holokosta həsr olunmuş beynəlxalq konfrans təşkil edilib
9 may, 2023İsrailin Yerusəlim şəhərində yerləşən Ben Zvi Universitetində “II Dünya müharibəsi dövründə Holokost və müqavimət” mövzusunda beynəlxalq konfrans keçirilib.
Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının və Ben Zvi Universitetinin birgə təşkilatçılığı ilə baş tutan konfransda İsrail, Azərbaycan, ABŞ, Almaniya, Ukrayna, Rusiya və Belarusu təmsil edən tarixçi alimlər və tədqiqatçılar iştirak ediblər.
Tədbirin açılış mərasimində Ben Zvi Universitetinin nəzdindəki Mərkəzi Asiya və İranda yəhudilərin tədqiqi mərkəzinin direktoru Dr. Zeev Levin, “Azİz” İsrail-Azərbaycan Beynəlxalq Assosiasiyasının prezidenti Lev Spivak, Knessetin deputatı Yevgeni Sova, Azərbaycanın İsraildəki səfiri Muxtar Məmmədov və başqaları çıxış ediblər.
Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun adından tədbir iştirakçılarını salamlayan şöbə müdiri Səlhət Abbasova bildirib ki, Holokost ağrı-acısını Azərbaycan xalqı dərindən anlayır. Çünki dinc azərbaycanlılar etnik mənsubiyyətlərinə görə 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalı şəhərində dəhşətli qətliama məruz qalıb.
Ölkəmizi konfransda Mixail Bekker və İsmayıl Ağakişiyev böyük uğurla təmsil ediblər. İsrailli alimlər arasında Azərbaycandan dost ölkəyə mühacirət edən Qriqori Reyxman da olub. O, tarixçi kimi çıxış etməklə yanaşı, konfransın fəaliyyətini də fotoobyektivə köçürüb.
Konfransın işində iştirak edən Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı Fuad İsmayılzadə dövlət qurumunun adından universitetin kitabxanasına “Azərbaycanın yəhudi irsi” adlı kitabını təqdim edib.
Konfrans iştirakçısı V.İ.Mesamed isə müəllifi olduğu “Azərbaycan Respublikası: İran və İsrail arasında” kitabını Komitənin kitabxanasına hədiyyə edib.
Foto qalereya
Digər xəbərlər