Komitə sədri Qırğızıstanın Kant şəhər meri ilə görüşüb

22 noyabr, 2023

Komitə sədri Qırğızıstanın Kant şəhər meri ilə görüşüb

Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradovun Qırğız Respublikasına səfəri çərçivəsində Kant şəhər meri Ulan Bekbolotoviç Maylibaşevlə görüşü keçirilib.

Qonağı səmimiyyətlə salamlayan mer bildirib ki, Kant ölkə üzrə azərbaycanlıların ən çox yaşadığı şəhərdir. Şəhərdə türk dünyasının görkəmli dövlət xadimi Heydər Əliyevin adını daşıyan küçənin olduğunu vurğulayan mer Azərbaycanın Ağdam və Şuşa şəhərlərinə səfərinin təəssüratlarını da bölüşüb.

Komitə sədri dövlətimizin diaspor siyasəti, həyata keçirilən irimiqyaslı layihələr barədə məlumat verib. Kant meriyası ilə diasporumuzun birgə əməkdaşlıq perspektivləri diqqətə çatdırıb. Azərbaycanlıların və diaspor təşkilatlarının normal yaşayışı və fəaliyyəti üçün yaradılmış imkanlara görə minnətdarlıq ifadə edilib.

Görüş qarşılıqlı xatirə hədiyyələrinin təqdim olunması ilə yekunlaşıb.

Komitə sədri merlə birlikdə Heydər Əliyev küçəsinə gəzintiyə çıxıb və həmin küçədə yerləşən məscidi ziyarət edib. Dahi şəxsiyyətin adını daşıyan küçədə yaşayan bir qrup azərbaycanlı ilə söhbət zamanı milli kimliyin və Azərbaycan dilinin unudulmaması kimi vacib məqamlara toxunulub. İcma nümayəndələrinə Azərbaycan bayraqları hədiyyə edilib. 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər