Praqa Azərbaycan Evində həftəsonu məktəbi açılıb

18 noyabr, 2024

Praqa Azərbaycan Evində həftəsonu məktəbi açılıb

“...Azərbaycan məktəblərinin, bazar günü məktəblərinin açılması istiqamətində biz hər zaman kömək göstərməyə hazırıq. Əslində, bunu edirik. Bəlkə də bunu daha da təşkilatlanmış şəkildə etmək lazımdır. Çünki Ana dili əsas amildir. Ana dili bütün Azərbaycan vətəndaşlarını birləşdirir” - bu sözləri Prezident İlham Əliyev Dünya Azərbaycanlılarının Şuşada keçirilən V Zəfər Qurultayında səsləndirib.

Dövlət başçısının tapşırıq və tövsiyələri əsasında müxtəlif xarici ölkələrdə həftəsonu məktəblərinin açılması davam edir. Çexiyanın Praqa şəhərindəki Azərbaycan Evində də həftəsonu məktəbi fəaliyyətə başlayıb. Məktəbdə müxtəlif yaş qruplarından olan azərbaycanlı uşaqlar ana dilini, tarix və mədəniyyətimizi öyrənirlər.

Diasporla İş üzrə Dövlət Komitəsi Praqa Azərbaycan Evindəki həftəsonu məktəbini lazım olan bütün tədris vasitələri və əyani vəsaitlərlə ilə təmin edib, Praqada yaşayan ixtisaslı müəllimlər məktəbə cəlb olunub, burada onlarla şagirdin təhsil alması üçün lazımi şərait yaradılıb.

Bu il noyabrın 6-da açılan Praqa Azərbaycan Evinin rəhbəri Leyla Begim Cəfərova bu hadisəni Çexiyada yaşayan azərbaycanlılar üçün mühüm hadisə hesab etdiyini söyləyib. 3 uşaq anası Lamiyə Axundova bildirib ki: “Övladlarım Azərbaycan dilini mükəmməl öyrənməyə böyük maraq göstərir. Onlar həvəslə həftəsonu məktəbinin xidmətlərindən istifadə edəcəklər”.

Qeyd edək ki, bu gün dünyanın müxtəlif ölkələrində 100-dən çox həftəsonu məktəbi xaricdəki azərbaycanlı uşaq və gənclərə, eyni zamanda Azərbaycanı sevən əcnəbilərə xidmət göstərir. 18 xarici ölkədəki Azərbaycan Evinin də hər birində həftəsonu məktəbi açılıb və işini uğurla davam etdirir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər