Özbəkistanda 28 May – Müstəqillik Günü münasibətilə tədbir keçirilib
29 may, 2024Özbəkistanın paytaxtı Daşkənddə Azərbaycanın Özbəkistandakı Səfirliyi və onun nəzdindəki Heydər Əliyev adına Azərbaycan Mədəniyyət Mərkəzi “Radisson Blu” mehmanxanasında 28 May –Müstəqillik Günü münasibətilə rəsmi qəbul keçirib.
Tədbirdə Özbəkistanın Baş nazirinin birinci müavini Oçilboy Ramatov, Azərbaycan Milli Məclisinin deputatı, Səhiyyə Komitəsinin sədri Əhliman Əmiraslanov, Milli Məclisin deputatı, Azərbaycan Ağsaqqallar Şurasının sədri Eldar Quliyev, Diasporla İş üzrə Dövlət Komitəsinin şöbə müdiri Vüsal Məmmədov və şöbə müdirinin müavini Şəfəq Binnətova, Özbəkistanda fəaliyyət göstərən səfirlər və beynəlxalq təşkilatların nümayəndələri, dövlət qurumlarının, ictimai təşkilatların rəhbərləri, elm, mədəniyyət və incəsənət xadimləri, Özbəkistanda yaşayan soydaşlarımız və jurnalistlər iştirak ediblər.
Tədbir Azərbaycan və Özbəkistanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayıb.
Azərbaycanın Özbəkistandakı səfiri Hüseyn Quliyev qonaqları təbrik edərək bildirib ki, mayın 28-də şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) yaranmasının 106 ili tamam olur.
Səfir AXC-nin mövcud olduğu 23 ay ərzində dövlət, ordu quruculuğu və demokratik dəyərlərin tətbiqi sahələrində görülən işlər haqqında geniş məlumat verib. Bildirib ki, qısa zaman kəsiyində Azərbaycanın dövlət sərhədləri müəyyənləşdirilib, gerbi, bayrağı və himni təsdiq olunub, ölkədə yaşayan bütün millətlərə bərabər hüquqlar verilib, Azərbaycan dili dövlət dili elan olunub, qonşu dövlətlərlə, həmçinin Avropa və Amerikanın 20 ölkəsi ilə diplomatik əlaqələr qurulub.
“1991-ci ildə yenidən öz müstəqilliyini bərpa edən Azərbaycan xalqımızın Ümummilli Lideri Heydər Əliyevin apardığı uğurlu siyasət nəticəsində demokratik və hüquqi dövlət quruculuğu sahələrində böyük uğurlar qazanıb, neft strategiyası həyata keçirilməyə başlanıb, suveren Azərbaycanın dinamik inkişafının əsası qoyulub” - deyə Hüseyn Quliyev bildirib.
Ulu öndər Heydər Əliyevin siyasi kursunu davam etdirən Azərbaycan Prezidenti İlham Əliyevin apardığı islahatların öz uğurlu nəticəsini verdiyini vurğulayan Səfir İkinci Qarabağ müharibəsində qazandığımız Zəfərdən danışıb. Azərbaycan-Özbəkistan əlaqələrindən də bəhs edən diplomat əməkdaşlığımızın yüksək səviyyədə olduğunu diqqətə çatdırıb.
Sonra Azərbaycanın qazandığı nailiyyətlər, ölkəmizin görməli yerləri, turizm imkanları, tarixi abidələri əks etdirən videoçarx nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər