Niderlandda azyaşlı soydaşlarımızın konserti keçirilib

19 fevral, 2025

Niderlandda azyaşlı soydaşlarımızın konserti keçirilib

 

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Niderland Krallığının Amersfoort şəhərində fəaliyyət göstərən uşaq musiqi məktəbində azyaşlı soydaşlarımızın Azərbaycan və xarici bəstəkarların əsərlərindən ibarət konsert proqramı baş tutub.

Konsert proqramı Azərbaycan Niderland Odlar Yurdu Cəmiyyətinin sədri Firəngiz Bağırovanın təşkilatçılığı ilə Musiqi Məktəblər Birliyinin müraciəti əsasında keçirilib.

Firəngiz Bağırova Azərbaycan musiqisi, bəstəkarları və onların yaradıcılığı haqqında geniş məlumat verib, Niderlandın müxtəlif şəhərlərində təşkil edilən konsert və  tədbirlərdən söz açıb. O, Niderlandda yaşadığı 30 ilin 23 ilini məhz Azərbaycan musiqisinin təbliğinə həsr etdiyini və bundan xüsusi qürur duyduğunu bildirib.

Konsert zamanı Azərbaycanın dahi bəstəkarları Qara Qarayev, Fikrət Əmirov, Səid Rüstəmov, Tofiq Bakıxanov, Musa Mirzəyev və digərlərinin əsərləri səsləndirilib.

İştirakçılar Azərbaycan musiqilərini xüsusi rəğbətlə və alqışlarla qarşılayıb.

Sonda ifaçılara hədiyyələr təqdim olunub.

Qeyd edək ki, diaspor təşkilatlarının və fəallarının təşkilatçılığı ilə baş tutan bu cür tədbirlər Azərbaycan dövlətinin diaspor, gənclər və mədəniyyət siyasətinin, “Uşaqlara dair Strategiyanın həyata keçirilməsi üzrə 2020–2025-ci illər üçün Fəaliyyət Planı”nın həyata keçirilməsi baxımından olduqca faydalıdır.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər