Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

7 sentyabr, 2022

Azərbaycana səfər edən və tətillərini tarixi vətənlərində keçirməyə üstünlük verən diaspor nümayəndələri mədəniyyət paytaxtımız Şuşaya yola düşüblər.

Diaspor nümayəndələrinin Şuşaya növbəti səfəri başlayıb

Diasporla İş üzrə Dövlət Komitəsinin dəstəyi və təşkilatçılığı ilə “Biz dəmir yumruğun gücü ilə Şuşadayıq” layihəsi çərçivəsində yeddinci dəfə gerçəkləşən səfərdə 19 ölkədən 70-ə yaxın diaspor nümayəndəsi iştirak edir.

Səfər proqramına ənənəvi olaraq “Bazarbaşı” meydanının, Cıdır düzünün, “Güllələnmiş heykəllər”in yerləşdirildiyi meydanın, Şuşa Bəyannaməsinin imzalandığı məkanın, Xurşidbanu Natəvanın evinin, “Xan qızı bulağı”nın, Molla Pənah Vaqifin məqbərəsinin, Üzeyir Hacıbəyovun heykəlinin, Bülbülün ev-muzeyinin,  Gəncə Qapısının, Saatlı, Aşağı və Yuxarı Gövhərağa məscidlərinin və digər görməli yerlərin ziyarəti daxildir. Diaspor nümayəndələri Qarabağın incisi olan Şuşada aparılan yenidənqurma və abadlıq işləri ilə də tanış olacaqlar.

Qeyd edək ki, Prezident İlham Əliyevin Dünya Azərbaycanlılarının V Qurultayında səsləndirdiyi tövsiyələrdə xaricdə yaşayan soydaşlarımızın hər il tarixi vətənlərini, xüsusilə də azad edilmiş torpaqlarımızı ziyarət etməsinin önəminə diqqət cəlb edilmişdi.

Diasporla İş üzrə Dövlət Komitəsi 2021-ci ildə dörd dəfə (27 iyul, 17 avqust, 9 oktyabr və 2 dekabr), 2022-ci ildə iki dəfə (26 iyul və 17 avqust) diaspor nümayəndələrinin Şuşa şəhərinə səfərlərini təşkil edib.

“Biz dəmir yumruğun gücü ilə Şuşadayıq!” şüarı altında reallaşan səfərlərin “Şuşa İli”ndə davam etdirilməsi Azərbaycan diaspor tarixinə yazılmış ən mühüm hadisələrdən biridir.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər