Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib

22 aprel, 2024

Moskvada Hacı Zeynalabdin Tağıyevin xatirə gecəsi keçirilib

Moskva şəhərində Dövlət Şərq İncəsənəti Muzeyində XIX əsrin sonu-XX əsrin əvvəllərində yaşamış məşhur sahibkar, sənayeçi və xeyriyyəçisi Hacı Zeynalabdin Tağıyevin vəfatının 100 illiyinə həsr olunmuş xatirə gecəsi keçirilib.

Gecənin açılışını edən Rusiya Dövlət Şərq Xalqları İncəsənəti Muzeyinin direktoru, tarix elmləri doktoru Aleksandr Sedov bəşər tarixində himayədarlıq və xeyriyyəçiliyin həmişə nəcib əməl kimi qiymətləndirildiyini deyib, Hacı Zeynalabdin Tağıyev kimi insanların xidmətlərinin gələcək nəsillərə örnək olduğunu vurğulayıb.

Kardioloq, tibb elmləri doktoru, professor Mehman Məmmədov Hacı Zeynalabdin Tağıyevin xeyriyyəçilik fəaliyyətindən danışıb. Bildirilib ki, Hacı Zeynalabdin Tağıyevin Avropanın nüfuzlu universitetlərində təhsil almaları üçün maliyyə dəstəyi göstərdiyi tələbələrin bir neçəsi Şərqdə ilk demokratik dövlətin yaradıcısı olub. Professor Mehman Məmmədov bakılı milyonçunun həyat və fəaliyyətindən bəhs edən “Əsrlərboyu davam edən nəciblik” kitabını tədbir iştirakçılarına təqdim edib.

Azərbaycanın Rusiya Federasiyasındakı səfirliyinin müşaviri Zaur Paşayev tədbirin təşkilatçılarına səfir Polad Bülbüloğlunun təşəkkürünü çatdırıb, Hacı Zeynalabdin Tağıyevin xatirəsinin Azərbaycanda ehtiramla anıldığını qeyd edib.

Şərq İncəsənəti Muzeyinin direktor müavini İlya Zaitsev Hacı Zeynalabdin Tağıyevin Rusiya imperiyasının inkişafındakı rolundan danışıb.

Tədbirə onlayn qoşulan Milli Azərbaycan Tarixi Muzeyinin baş direktoru, akademik Nailə Vəlixanlı böyük xeyriyyəçi, görkəmli ictimai xadim Hacı Zeynalabdin Tağıyev haqqında fikirlərini bölüşüb. General Balakişi Ərəblinskinin nəslindən olan professor Andrey Ərəblinski, jurnalist Azər Cahangirov, keşiş, Moskva Linqvistik Universitetinin ilahiyyat kafedrasının dosenti Dimitri Safonov və başqaları böyük xeyriyyəçi haqqında mühazirələr oxuyublar.

Tədbirin sonunda Azərbaycanın və Rusiyanın Əməkdar rəssamı Əsgər Məmmədov Şərq İncəsənəti Muzeyinə “Xarıbülbül” əsərini hədiyyə edib.  

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər