Moskva və Sankt-Peterburqdakı Azərbaycan diaspor təşkilatları arasında saziş imzalanıb

16 sentyabr, 2022

Moskva və Sankt-Peterburqdakı Azərbaycan diaspor təşkilatları arasında saziş imzalanıb

Rusiyanın Sankt-Peterburq şəhərində “Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyəti” şəhər ictimai təşkilatının ofisində “Moskvada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti” regional ictimai təşkilatının nümayəndə heyəti ilə görüş keçirilib. 

Görüş iştirakçıları öncə Ermənistan silahlı qüvvələrinin təxribatı nəticəsində həlak olan Azərbaycan hərbçilərinin xatirəsini bir dəqiqəlik sükutla yad ediblər.

Görüşdə qeyd olunub ki, vətəndaş cəmiyyəti ilə dövlət arasında tərəfdaşlıq mürəkkəb sosial-iqtisadi və humanitar problemlərin həllində ən səmərəli üsuldur və bu, ictimai təşkilatlara ictimai təşəbbüslərin işlənib hazırlanmasında və həyata keçirilməsində fəal iştirak etməyə, onların imkanlarından istifadə etməyə imkan verir. 

Daha sonra tərəflər arasında Moskva və Sankt-Peterburq ərazisində sosial əhəmiyyətli layihələrin və vətəndaş təşəbbüslərinin həyata keçirilməsinə dair saziş imzalanıb. Sənədi “Sankt-Peterburqda Azərbaycan Milli-Mədəni Muxtariyyəti”nin sədri Vaqif Məmişov və “Moskvada Azərbaycanlıların Milli-Mədəni Muxtariyyəti”nin sədri Bəxtiyar Həsənov imzalayıb. Saziş bərabərhüquqlu və qarşılıqlı faydalı tərəfdaşlıq əsasında birgə fəaliyyətin həyata keçirilməsini, birgə layihələrin həyata keçirilməsində məsləhət, informasiya, hüquqi yardımın göstərilməsini nəzərdə tutur.

Görüşdə Rusiyada fəaliyyət göstərən Azərbaycan diaspor təşkilatlarının rəhbərlərinə müraciət olunub, onlar öz resurslarını və potensialını tam hüquqlu və uğurlu fəaliyyət üçün birləşdirmək məqsədilə azərbaycanlıların həmrəyliyində fəal iştiraka çağırılıb. 

 

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər