Kavaquçi şəhərində Azərbaycan-Yaponiya əlaqələrinin 30 illiyi qeyd edilib

23 dekabr, 2022

Kavaquçi şəhərində Azərbaycan-Yaponiya əlaqələrinin 30 illiyi qeyd edilib

Yaponiyanın Kavaquçi şəhərində Azərbaycan və Yaponiya arasında diplomatik əlaqələrinin və dostluq münasibətlərinin qurulmasının 30 illiyi münasibətilə “Yamanaka gölü Fuci dağının ətəklərində” adlı tədbir keçirilib.

Tədbirdə yerli qeyri-hökumət təşkilatlarının, “Cross Border Club 3.0” şirkətinin, Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin nümayəndələri, yapon iş adamları iştirak ediblər. Diasporla İş üzrə Dövlət Komitəsinin əməkdaşı və Azərbaycan Dillər Universitetinin müəllimləri və tələbələri tədbirə onlayn formatda qatılıblar. 

“Ryouseido” şirkətinin meneceri Mizuho Vatanabe tədbiri açaraq, qonaqları Yaponiyanın zəngin turizm potensialı ilə tanınan Kavaquçi şəhərində salamlamaqdan məmnun olduğunu bildirib. Tədbir iştirakçılarını iki ölkə arasında diplomatik əlaqələrinin və dostluq münasibətlərinin qurulmasının 30-cu ildönümü ilə əlaqədar təbrik edən menecer Azərbaycanın Qarabağ regionu, özəlliklə Şuşa şəhəri ilə Kavaquçi şəhəri arasında əməkdaşlıq əlaqələrinin qurulması məqsədilə hazırladıqları layihə barədə məlumat verib. Bildirib ki, bu əməkdaşlıq hər iki regionun inkişafına mühüm töhfələr verə bilər.

Azərbaycan-Yaponiya Dostluq Mərkəzinin sədri Xəlil Kələntər öz təqdimatında ölkəmizin qədim tarixindən, zəngin mədəniyyətindən, Avropanın enerji təminatında böyük rolundan danışıb, azad edilmiş Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında dövlətimiz tərəfindən aparılan böyük bərpa və quruculuq işləri barədə məlumat verib.

Nəzərə çatdırıb ki, xarici havadarlarına arxalanan ermənilər hələ də ərazidə təxribatlar törədərək, regionda normallaşma və sülhün bərpası prosesinə mane olmağa çalışırlar. Bu baxımdan diqqəti Laçın-Xankəndi yolunda azərbaycanlı ekoloqların və vətəndaş cəmiyyəti təşkilatları üzvlərinin ermənilər tərəfindən davam etdirilən ekoloji terrora etiraz əlaməti olaraq keçirdikləri aksiyaya cəlb edib. Bildirib ki, Azərbaycan xalqı öz torpaqlarının talanması və ekoloji terrora məruz qoyulması ilə heç vaxt barışmayacaq. Yaponiyada yaşayan azərbaycanlılar və ölkəmizin dostları etirazçı ekofəallara hər cür dəstək verməyə hazırdırlar.

Tədbirdə çıxış edən “Cross Border Club 3.0” internet kanalının rəhbəri Kazuyasu İşida, Azərbaycan Dillər Universitetinin Yaponiya Araşdırmaları Mərkəzinin rəhbəri Yaşar İbrahimov, müəllim Hülya Dursunova, Azərbaycan Dövlət İnformasiya Agentliyinin (AZƏRTAC) Yaponiyadakı xüsusi müxbiri Vüqar Ağayev və başqaları yubiley münasibətilə xalqlarımızı təbrik edib, ikitərəfli əməkdaşlığın inkişafının əhəmiyyətindən danışıblar.

Tədbirin bədii hissəsində yapon pianoçu Yusei İnuinin aranjeman etdiyi “Vətən yaxşıdır” (“Xudayar təsnifi”) mahnısı alqışlarla qarşılanıb.

Tədbir çərçivəsində Azərbaycan mədəniyyətinə həsr olunmuş guşə təşkil edilib.

 

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər