İğdır şəhərində 20 Yanvar şəhidləri anılıb
18 yanvar, 2024
Türkiyənin İğdır şəhərində 20 Yanvar faciəsinin 34-cü ildönümü ilə əlaqədar anım tədbiri keçirilib.
İğdır Azərbacan Dil, Tarix və Kültür Birliyini Yaşatma və Dəstəkləmə Dərnəyinin və İğdır Azərbaycan Evinin təşkilatçılığı ilə İğdır Kültür Mərkəzində baş tutan tədbirdə ölkəmizin Qarsdakı Baş konsulluğunun, yerli dövlət orqanlarının və ictimaiyyətin nümayəndələri, Ankaradan gələn qonaqlar iştirak ediblər.
Türkiyə və Azərbaycanın Dövlət himnlərinin səsləndirilməsi ilə başlayan tədbirdə şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib, dualar oxunub.
20 Yanvar faciəsindən bəhs edən qısametrajlı filmin izlənilməsi ilə davam edən tədbiri giriş sözü ilə dərnək sədri və İğdır Azərbaycan Evinin rəhbəri Ziya Zakir Acar açıb. O, 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə sovet ordusunun Bakıda dinc paytaxt sakinlərinə qarşı törətdiyi qanlı qırğından və bu hərbi cinayətin Azərbaycanın digər bölgələrində davam etdirilməsindən danışıb. 34 il keçməsinə baxmayaraq, bu dəhşətli cinayətin unudulmadığı, sovet imperiyasının bu cinayətlə Azərbaycan xalqının iradəsini sındıra bilmədiyi, 20 Yanvar faciəsinin ölkəmizin müstəqilliyinin qazanılmasında dönüş nöqtəsinə çevrildiyi diqqətə çatdırılıb.
Sonra Azərbaycanın Qarsdakı Baş konsulu Nuri Quliyev, İğdır valisi Ercan Turan, Prof. Dr. Nurullah Çetin ve Prof. Dr. Cengiz Atlı çıxış edərək, 20 Yanvar faciəsinə gətirib çıxaran ictimai-siyasi proseslər barədə danışıblar. Bu hadisələrin müasir Azərbaycan tarixinə həm də qəhrəmanlıq səhifəsi kimi yazıldığını, ölkəmizin ərazi bütövlüyünün və suverenliyinin tam bərpa olunması ilə bütün şəhidlərimizin ruhlarının şad olduğunu bildiriblər.
Tədbir çərçivəsində 20 Yanvar faciəsini əks etdirən foro-sərgi nümayiş etdirilib.
Foto qalereya
Digər xəbərlər