Dövlət Komitəsində Türkiyənin Trabzon şəhərindən olan bir qrup şəhid ailəsi ilə görüş keçirilib
31 oktyabr, 2024Türkiyənin Trabzon valiliyinin, Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin, Trabzon Şəhid Ailələri Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin birgə təşkilatçılığı ilə ölkəmizə səfərə gəlmiş, Trabzon şəhərindən olan şəhid ailələri ilə Diasporla İş üzrə Dövlət Komitəsində görüş keçirilib.
Qonaqları salamlayan Diasporla İş üzrə Dövlət Komitəsi sədrinin birinci müavini Valeh Hacıyev onları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. Azərbaycanın ərazi bütövlüyü uğrunda şəhid olanların ailələrinə, qazilərə və müharibə veteranlarına yüksək qayğı göstərilməsinin Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan cənab İlham Əliyevin və Birinci vitse-prezident Mehriban xanım Əliyevanın hər zaman diqqət mərkəzində olduğunu bildirib. Bu kateqoriyadan olan insanların problemlərinin həlli istiqamətində mühüm tədbirlərin həyata keçirildiyini söyləyib.
Xaricdə yaşayan həmvətənlərimizin də şəhid ailələrini daim diqqətdə saxladığını qeyd edən Valeh Hacıyev onların ölkəmizə hər səfəri zamanı onların evlərində olduğunu, qayğıları ilə maraqlandığını vurğulayıb. Çanaqqala savaşındakı kimi, 44 günlük Vətən müharibəsində də Azərbaycan və Türkiyənin birlikdə olduğunu, Türkiyə Respublikasının Prezidenti Rəcəb Tayyib Ərdoğanın və bütövlükdə qardaş türk xalqının ölkəmizə siyasi və mənəvi dəstək nümayiş etdirdiyini xatırladıb.
Trabzon Şəhid Ailələri Sosial Yardımlaşma və Həmrəylik Dərnəyinin sədri, şəhid atası Şeref İşler ölkəmizə səfər edən şəhid ailələri adından qəbul üçün təşəkkürünü bildirib, bu səfərin məhz 29 Oktyabr – Türkiyənin Cümhuriyyət Günü ərəfəsində baş tutmasının rəmzi məna daşıdığını xüsusi qeyd edib.
Azərbaycan-Türk Xalqları Qardaşlığı İctimai Birliyinin İdarə Heyətinin sədri Səkinə Bayramova və həmsədri Yeganə Qəhrəmanova səfərin məqsədinin Azərbaycanın və Türkiyənin şəhid ailələrini bir araya gətirməklə ölkələrimiz arasındakı mövcud əməkdaşlığı genişləndirmək olduğunu deyib.
Görüşdə Xüsusi Təyinatlı Qüvvələrin baş leytenantı, "Azərbaycan Bayrağı" ordenli şəhid kəşfiyyatçı Harun Alqayevin atası Məhəmməd Alqayev və şəhid əsgər Qadir Heydərovun atası Ədalət Heydərov da iştirak edib.
Sonda xatirə şəkli çəkilib və qonaqlara Komitə tərəfindən hədiyyələr təqdim olunub.
Foto qalereya
Digər xəbərlər