Xocalı soyqırımının ildönümü Kayseridə konfransla qeyd olunub

27 fevral, 2024

Xocalı soyqırımının ildönümü Kayseridə konfransla qeyd olunub

Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Kayserinin Talas rayonunda anım mərasimi və Kayseri Erciyes Universitetində “Xocalı soyqırımı: Bir insanlıq suçu” adlı konfrans keçirilib.

Talas Bələdiyyəsinin, Erciyes Universitetinin, Şuşa Azərbaycan Evi Dərnəyinin və Kayseri Azərbaycanlı Tələbələr Birliyinin birgə təşkilatçılığı ilə Talas rayonundakı Azərbaycan Qardaşlıq Parkında ucaldılmış Xocalı abidəsinin qarşısında anım mərasimi təşkil olunub.

Tədbir iştirakçıları Xocalı abidəsi önünə gül dəstələri düzüb. Xocalı qurbanlarının əziz xatirəsi yad edildikdən sonra Türkiyə və Azərbaycanın Dövlət himnləri səsləndirilib.

Tədbirdə Talas Bələdiyyəsinin sədri Mustafa Yalçın, Kayseri Universitetinin rektoru, professor Kurtuluş Karamustafa, Şuşa Azərbaycan Evi Dərnəyinin sədri Elşən Qənbərov, Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, professor Toğrul İsmayıl və Kayserigaz şirkətinin nümayəndəsi Sinan Temür çıxış ediblər.

Bələdiyyə sədri Mustafa Yalçın Xocalı soyqırımı və onun ağır nəticələri barədə danışıb. Eyni zamanda Azərbaycan və Türkiyə arasında bütün sahələrdə inkişaf edən qardaşlıq münasibətlərinə toxunaraq qeyd edib ki, Talas rayonunda Azərbaycan Qardaşlıq Parkının salınması, parkda “İsa Bulağı” bənzərinin yaradılması və ən əsası, Şuşa Azərbaycan Evinin yaradılması bu münasibətlərimizə verilən əhəmiyyətin göstəricisidir.

II Qarabağ müharibəsində Türkiyənin ölkəmizə mənəvi-siyasi dəstəyinin tarixi Zəfərin qazanılmasında rolu xüsusi vurğulanıb. Çıxış edənlər işğal altındakı ərazilərin, o cümlədən Xocalının düşmən tapdağından azad olunmasının soyqırımla bağlı ürəklərdəki acıya təsəlli olduğunu qeyd ediblər.

Anım tədbiri çərçivəsində tədbir iştirakçıları Şuşa Azərbaycan Evinə baş çəkiblər.

Anım mərasimindən sonra Erciyes Universitetində “Xocalı soyqırımı: Bir insanlıq suçu” adlı konfrans keçirilib. Əvvəlcə Şuşa Azərbaycan Evi Dərnəyinin sədri Elşən Qənbərov, Kayseri Azərbaycanlı Tələbələr Birliyinin sədri İlkin Əhmədov və Milliyətçi Hərakat Partiyasının (MHP) yerli təşkilatının sədri Kul Ahmet Cantürk çıxış ediblər.

Xocalı soyqırımı ilə sənədli film nümayiş olunduqdan sonra tədbirin moderatoru, Erciyes Universitetinin professoru Hava Selçuk Osmanlı dövründə Türkiyədə və Azərbaycan ərazisində ermənilərin törətdiyi soyqırımlardan danışıb.

Kahramanmaraş Sütçü İmam Universitetinin müəllimi, professor Toğrul İsmayıl və həmin universitetin müəllimi, dosent Mərziyyə Məmmədli konfransda məruzə ilə çıxış ediblər.

M.Məmmədli məruzəsində Xocalıda Qarabağda ermənilərin törətdikləri vandalizm aktları və soyqırım faktlarından geniş bəhs edib. T.İsmayıl isə Azərbaycanın 44 günlük müharibədə qazandığı Zəfərinin, eyni zamanda lokal xaraterli anti-terror əməliyyatı nəticəsində Azərbaycan ərazisindən erməni terrorçularının tamamilə çıxarılmasının regionda yeni reallıqlar yaratdığını, Şuşa şəhərində imzalanmış tarixi və strateji sənəd olan Şuşa Bəyannaməsi ilə iki qardaş ölkənin münasibətlərinin müttəfiqlik səviyyəsinə qalxdığını, “Bir millət - iki dövlət” anlayışının praktiki və hüquqi əsaslarının yarandığını vurğulayıb.

Foto qalereya

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər