Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar Beynəlxalq Ədalət Məhkəməsi önündə aksiya keçirilib
26 fevral, 2024Xocalı soyqırımının 32-ci ildönümü ilə əlaqədar “Den Haag” Mərkəzi Stansiyasından Haaqada yerləşən Beynəlxalq Ədalət məhkəməsinin önünədək yürüş keçirilib.
Niderland Krallığında fəaliyyət göstərən Azərbaycan-Türk Kültür Dərnəyinin rəhbəri İlhan Aşkının təşkilatçılığı ilə Azərbaycan və türk bayraqlarının dalğalandığı yürüşün sonunda Xocalı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib, Məhkəmə binası qarşısında şamlarla “Justice for Khojaly” yazılıb, eyni zamanda “Justice for Khojaly” şüarının yazıldığı poster açılıb. Bununla yürüş iştirakçıları bir gecədə 613 azərbaycanlının, o cümlədən uşaq, qadın və qocaların qətlə yetirilməsinə, Xocalı soyqırımını törədənlərin hələ də beynəlxalq hüquq müstəvisində layiq olduqları cəzanı almamasına diqqət çəkib.
Qeyd edək ki, “Xocalıya Ədalət” təbliğat və təşviqat kampaniyası çərçivəsində diaspor təşkilatları və xaricdə fəaliyyət göstərən Azərbaycan evləri tərəfindən Xocalı həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq, erməni işğalçılarının mənfur əməllərini beynəlxalq müstəvidə tanıtmaq məqsədilə müxtəlif səpkili tədbirlər həyata keçirilir.
Foto qalereya
Digər xəbərlər