Salonikidəki diasporumuz Yunanıstan rəsmilərini Ermənistana təzyiqləri gücləndirməyə çağırıb

22 sentyabr, 2022

Salonikidəki diasporumuz Yunanıstan rəsmilərini Ermənistana təzyiqləri gücləndirməyə çağırıb

Yunanıstanda yaşayan Azərbaycan icması ölkəmizin dövlət sərhədində Ermənistan silahlı qüvvələrinin törətdiyi genişmiqyaslı təxribata etiraz məqsədilə Yunanıstan rəsmilərinə və beynəlxalq təşkilatlara müraciət edib.

 

“QALA” Yunanıstan-Azərbaycan Dostluq Cəmiyyətinin və Saloniki Azərbaycan Evinin rəhbəri Rəşid Məmmədovun adından Yunanıstan Prezidenti Katerina Sakellaropulu, parlamentin spikeri Konstantimos Tassulas və xarici işlər naziri Nikos Dendiasa ünvanlanan müraciətdə 12-13 sentyabr 2022-ci ildə törədilən təcavüz barədə ətraflı məlumat verilib. Baş vermiş təxribat, qarşıdurma və itkilərə görə bütün məsuliyyətin Ermənistanın hərbi-siyasi rəhbərliyinin üzərinə düşdüyü vurğulanıb.

 

Yunanıstanda yaşayan Azərbaycan icmasının beynəlxalq hüquq normalarına məhəl qoymayan Ermənistanın təcavüzkar siyasəti nəticəsində yaranmış duruma görə dərin narahatlıq hissi keçirdiyi nəzərə çatdırılıb. Bildirilib ki, Azərbaycanın təşəbbüsü və Avropa Birliyinin vasitəçiliyi ilə aparılan sülh danışıqları prosesinə məhz Ermənistan hər vəchlə mane olmağa çalışır. Cənubi Qafqaz regionunda sülhün bərqərar olması, erməni işğalından azad edilmiş ərazilərdə normal həyata qayıdışın təmin edilməsi istiqamətində ciddi və böyük səylər göstərən Azərbaycandan fərqli olaraq, təcavüzkar Ermənistan hərbi qarşıdurmalarda və regionda vəziyyətin gərginləşməsində maraqlı olduğunu açıq-aşkar nümayiş etdirir.

 

“QALA” cəmiyyəti Yunanıstan rəsmilərini və beynəlxalq qurumları Ermənistanın təcavüzkarlıq siyasətinə, revanşizm ideyalarına birdəfəlik son qoyulması və sülhə sövq edilməsi istiqamətində rəsmi İrəvana təzyiqləri gücləndirməyə və əməli addımlar atmağa çağırıb.

dostların arasında bunu ilk tövsiyyə edən sən ol

Digər xəbərlər